"İndi camaata verilən su heç əl yumaya da yaramır"

85 yaşlı Nəcəf Əliyev Mingəçevir şəhərinin qurucularından biridir. Şəhərin qurulmasında fəal iştirak etmiş N. Əliyev ötən illəri yaxşı xatırlayır: “1947-ci ildə şəhərin quruculuğunda çalışmışam. Özü də alman əsirləri ilə birlikdə işləmişəm. O vaxt Mingəçevir meşəlik idi. Min bir əziyyətlə bu cür gözəl şəhər qurmuşuq. Xalq xairi Səməd Vurğunla o qədər söhbətimiz olub ki… O, həmişə Mingəçevirə gələndə bizə baş çəkməmiş getməzdi”.

“İndiki kimi yadımdadır. Bir gün dedilər ki, Mingəçevirə Mircəfər Bağırov gəlir. Mənim əlimə bir vedrə neft, bir parça da əski verib dedilər ki, 18 kilometrlik dəmir yolunu elə təmizləməlisən ki, par-par parıldasın. Nə isə… Bacardığım heç bir işi mən bu şəhərdən əsirgəməmişəm…”.

Nəcəf Əliyevin sözlərinə görə, o, həyat yoldaşı Firuzə xanımla birlikdə sovetlər dönəmində uzun illər Mingəçevirdəki Toxuculuq Kombinatında da işləyib: “64 ildir ki, birgə ömür sürürük: 11 övladımız olub. 1973-cü ildə həyat yoldaşım Firəngiz xanıma “Qəhrəman ana” fəxri adı verilib. Övladlarımdan biri Əliyev Vidadi Qarabağ uğrunda gedən savaşlarda şəhid olub. Digər oğlum Namiq isə Rusiyada olarkən vəfat edib. 21 nəvəmiz, 19 nəticəmiz var”.

“O vaxtdan xeyli vaxt keçib. Bu illər ərzində Mingəçevir gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub. Amma nədənsə bu şəhərin içməli suyunda hələ də problemlər yaşanır. İçdiyimiz su deyil ki.. kirdir, pasdır. Heç olmasa əhaliyə təmiz içməli su verinlər. Bizim dövrümüzdə əhaliyə təmiz içməli su verirdilər, amma indi içdiyimiz su texniki sudur. O heç əl yumaya da yaramır”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top