Son 9 ayda Azərbaycanda 500-ə yaxın müəssisə bağlanıb RƏSMİ STATİSTİKA

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda yeni yaradılan müəssisə və təşkilatların 98,9 faizi xüsusi mülkiyyətli (o cümlədən 6 faizi tam xarici investisiyalı, 1,3 faizi birgə mülkiyyətli), 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşüb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, qeydiyyatda olan müəssisə və təşkilatların 54,2 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılan müəssisə və təşkilatların 56,4 faizi Bakıda, 17,4 faizi Aran, 8,8 faizi Abşeron, 4,5 faizi Quba-Xaçmaz, 4 faizi Gəncə-Qazax və 2,6 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.

Bu dövrdə Bakı şəhəri üzrə 256, Aran iqtisadi rayonu üzrə 79, Gəncə-Qazax iqtisadi rayonu üzrə 31, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 30, Abşeron iqtisadi rayonu üzrə 24, Naxçıvan Muxtar Respublikası üzrə 20, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 15, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 13, Lənkəran iqtisadi rayonu üzrə 10, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 8 və Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 3 müəssisə ləğv edilib. Nəticədə son 9 ayda ölkə üzrə 489 müəssisə ləğv edilib.

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 81,2 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (31,1%), digər sahələrdə xidmətlərin göstərilməsi (14,9%), tikinti (11,5%) və kənd təsərrüfatı (10,0%) sahələrində yaradılıb. Kiçik müəssisələrin 57,3 faizi Bakıda, 13,1 faizi Aran, 7,1 faizi Abşeron, 5,8 faizi Lənkəran, 5,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır. Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib. Sahibkar qadınların 30,8 faizi Bakıda, 18 faizi Gəncə-Qazax, 17,7 faizi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,7%), Gəncə-Qazax (26,7%) və Lənkəran (22,7%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

DİGƏR XƏBƏRLƏR

Top