Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

Psixoloji problemi olan marşrut sürücüləri... - Onları necə tanıyaq?

16.10.2017 17:43

Bir neçə gün öncə Bakıda baş verən rüsvayçı hadisə çoxlarını sarsıtdı. Sən demə, anasına qarşı bu iyrənc hərəkəti edən şəxs uzun müddət Bakıda 202 nömrəli marşrut avtobusunun sürücüsü işləyib. Belə bir psixoloji pozuntusu olan adamın marşrut avtobusunda necə sürücü işləməsi isə hər kəsi bir daha təəccübləndirdi və narahat etdi. Qeyd edək ki, avtobus sürücüləri ilə bağlı hər gün olmasa da tez-tez xoşagəlməz xəbərlər eşidirik. Gündəlik ictimai nəqliyyatdan istifadə edənlər özləri də bəzi sürücülərin əsəbi, gərgin, psixoloji cəhətdən narahat olduqlarını görürlər. Bəs belə insanlar sərnişindaşımaya necə buraxılırlar? Onlara qarşı tədbirləri kim görməlidir? Mövzu ilə bağlı "Yeniavaz.com" saytına nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov açıqlama verib.

- Azər müəllim, sizcə, belə insanlar sərnişindaşımaya necə və ya niyə işə götürülürlər?

- Əvvəla onu qeyd edim ki, ictimai nəqliyyatda xidmət göstərən sürücülər xüsusi hazırlıq keçməlidirlər. Söhbət təkcə avtobusun idarə olunmasından və ya B kateqoriyasına malik olmaqdan getmir. Bu insanlar gün ərzində yüzlərlə, minlərlə sərnişinlə ünsiyyətdə olurlar və istər-istəməz davranışlarında müəyyən disbalanslar ola bilər. Ona görə də avtobus sürücüsü kimi işə götürüləcək şəxslər xüsusi hazırlıqdan keçməlidirlər. Psixoloji cəhətdən sərnişin avtobusunu idarə etməyə hazır olmalıdırlar. Beynəlxalq təcrübədə geniş istifadə olunan bir metod var - ictimai nəqliyyatda xidmət göstəcək sürücüləri psixoloji testdən keçirilməsi.

- Bu metod Azərbaycanda tətbiq olunurmu?

- Bəli, bizdə də var. Məsələn, mən bildiyimə görə, "Bakubus"da çalışacaq sürücülərə qarşı bu texnologiyadan istifadə olunur. Sərnişindaşıma xidməti göstərən bəzi firmalarda da deyilənə görə, psixoloji testlər var. Burada söhbət birdəfəlik psixoloji testdən getmir.

- Yəni işə götürülən avtobus sürücüləri daimi olaraq psixoloji yoxlamadan keçirilməlidir?

- Bəli. Tutaq ki, bir şəxs psixoloji testdən keçdi və avtobusun idarə olunmasına buraxıldı, bununla iş bitdi - belə olmamalıdır. Ola bilər ki, avtobusun idarə olunmasına buraxılana qədər həmin şəxs özünü çox yaxşı hiss edər, ancaq bir müddətdən - 1 aydan, 3 aydan sonra daha çox insanla əlaqədə olduğu, gərgin iş rejimində çalışdığı üçün psixikasında müəyyən pozuntular baş verər. Ona görə də olduqca vacib məsələ ondan ibarətdir ki, avtobus sürücüləri vaxtaşırı psixoloji testdən keçirilsinlər.

- Psixoloji test olarsa, sizcə, problem aradan qalxarmı?

- Ən azından testin nəticələrinə uyğun olaraq avtobus sürücülərinin psixikasında hansısa dəyişiklik varsa, müəyyənləşəcək. Bu da imkan verəcəkdir ki, vaxtında müdaxilə və müəyyən korreksiya işləri aparılsın, problemi olanlar müəyyənləşsin. Bu yolla həm də sürücülərin fiziki cəhətdən daha sağlam şəkildə xidmət göstərməsi üçün şərait yaradıla bilər.

- Bakı Nəqliyyat Agentliyinin rəsmisi açıqlamasında bildirib ki, daşıyıcı şirkətlər cavabdehdir...

- Bildiyiniz kimi, Bakı Nəqliyyat Agentliyinin üzərində bilavasitə nəzarət mexanizminin tətbiq olunması öhdəliyi var. Agentlik bu və ya digər sərnişindaşıma xidmətlərinə lisenziya verərkən konkret şərtləri, tələbləri müəyyənləşdirir. Amma həmin sürücülərin işə götürülməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi, fəaliyyətlərinə gündəlik nəzarətin tətbiq olunması bilavasitə sərnişindaşıma şirkəti rəhbərliyinin üzərindədir. Bu prosesə Bakı Nəqliyyat Agentliyi müdaxilə edə bilmir. Yalnız hər hansı bir hadisə, insident baş verərsə, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatı olarsa, "qaynar xətt"inə müraciət olunarsa, onda dərhal reaksiya verə bilir. Hətta sürücünün işdən kənarlaşdırılmasına qədər...

Buna qədər isə bütün proseslər sərnişindaşıma şirkətlərinin üzərində olduğu üçün gündəlik nəzarət mexanizminin tətbiq olunması məhz onlar tərəfindən həyata keçirilməlidir. Bildiyim qədərilə "Bakubus"da həyata keçirilir, amma digər şirkətləri deyə bilmərəm.

- Əgər nəzarət lazımi səviyyədə deyilsə, onda həmin şirkətlərə qarşı hansı tədbirlər görülməlidir?

- Nəzarət lazımi səviyyədə deyilsə, deməli, nəzarət mexanizmini gücləndirmək lazımdır. Nəzarət mexanizmini gücləndirməkdən ötrü isə nəzarətin hansı səviyyədə olduğu müəyyən edilməlidir. Yəni bu zəncirvari bir prosesdir. Bunun üçün monitorinqlər həyata keçirilməlidir. Bakı Nəqliyyat Agentliyinin əlində kifayət qədər səlahiyyət və imkanlar var ki, bu işi həyata keçirə bilsin. Faktlar üzə çıxarılandan sonra sərnişindaşıma xidməti göstərən şirkətlərin qarşısında konkret olaraq tələblər qoyula bilər.

- Azər müəllim, siz özünüz ictimai nəqliyyatdan istifadə edirsinizmi? Sizi qane edirmi?

- Daimi olaraq ictimai nəqliyyatdan istifadə edənlərdən biri də mənəm. Sərnişin kimi əsasən "Bakubus" MMC-ə məxsus olan avtobusların xidmətindən istifadə edirəm. Deyə bilərəm ki, digər marşrut xətlərində istifadə edilən, ancaq istismara yararlı olmayan avtobuslar da var. Ona görə də mən sərnişin olaraq çalışıram ki, bu kimi avtobuslardan qaçam. Bu o demək deyil ki, "Bakubus"da hər şey idealdır, hər şey sərnişinlərin rahatlığı üçün hesablanıb. Mən Avropanın bir sıra dövlətlərində olmuşam və orada ictimai nəqliyyatdan daim istifadə edən şəxs kimi deyə bilərəm ki, "Bakubus"la bağlı çoxlu işlərin görülməsinə ehtiyac var. Lakin indiki halda bizdə nümunə hələ ki, "Bakubus"dur.

Nicat

Oxundu 331

© 2017 - NSPSOLUTIONS