Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

“Televiziya rəhbərləri ədəbi dil normalarını pozan aparıcılara görə cərimə olunacaqlar”. Bunu Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib. O bildirib ki, cərimələrlə bağlı layihə artıq rəhbərliyə təqdim edilib: “Biz layihəni təklif əsasında hazırlamışıq. Belə ki, Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər bölməsinin akademik-katibi Teymur Kərimlinin qaldırdığı məsələyə görə monitorinq şöbəsinin cərimələr barədə təklif hazırlaması tövsiyə edildi. Biz də cərimələr barədə təkliflər planı hazırladıq və artıq rəhbərliyə təqdim etmişik. Layihə qanunvericilik çərçivəsində müəyyən normativlər əsasında nizamlanandan sonra əlaqədar qurumlara icra mexanizminin hazırlanması üçün təqdim olunacaq.
Cərimələr hüquqi şəxslərə şamil olunacaq. Yəni inzibati tədbir ədəbi dil normalarını pozan aparıcılara yox, televiziya kanallarının rəhbərlərinə ünvanlanacaq. Əgər küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Layihəmizdə belə bir şey nəzərdə tutulmur.
Qeyd edim ki, biz ilk növbədə maarifləndirmənin, müəyyən təbliğatların tərəfdarıyıq. 2013-cü ildə “Dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olunandan sonra keçən 5 il ərzində mütəmadi olaraq monitorinqlər apardıq. Amma maarifləndirmənin icra mexanizmi funksiyasını tam daşımadığını gördük. Biz hər bir monitorinqdən sonra dəyirmi masalar keçirdik, treninqlər təşkil etdik, buna baxmayaraq eyni qüsurların olduğunu müşahidə etdik. Yəni fonetik, qrammatik, leksik norma pozuntularına rast gəldik. Qeyd etdiyiniz dialekt və ləhcələr leksik normanın bir hissəsini təşkil edir”.

S.Əliyeva qeyd edib ki, cərimələr reklam lövhələri və çarxlara da şamil ediləcək: “Maarifləndirmə işlərinə baxmayaraq, sözün mənaya uyğun istifadə olunmaması, aparıcı nitqinə yersiz alınmaların müdaxiləsi, eyni zamanda, xüsusilə şou verilişlərində vulqar sözlərin istifadə edilmə hallarını müşahidə etdik. Bu gün elə aparıcılar var ki, dəvət etdiyi qonaqla istədiyi tərzdə danışır. Bu da vətəndaşların önündə səhv cığırın açılması deməkdir.
Həmçinin, bildiyiniz kimi biz küçələrdə, rayon ərazilərində reklam lövhələrinə də baxırıq. Adətən reklamlarda daha çox başqa dillərdən tərcümələrə üstünlük verilir. Təbii, hər dilin öz qanunauyğunluqları var. Bu baxımdan bir dildən digər dilə tərcümə zamanı ciddi problemlər yaranır. Əgər cərimələr bir neçə ay tətbiq edilsə, sahibkar növbəti reklamı sifariş edən zaman artıq ədəbi dilin qorunmasında maraqlı olacaq. Bu, televiziyada nümayiş olunan reklam çarxlarına da aiddir”.

Müsahibimiz düşünür ki, cərimələr tətbiq olunarsa, tez bir zamanda müsbət nəticə əldə etmək mümkün olacaq: “Biz 5 illik maarifləndirmədən sonra ciddi inzibati cəza tədbirlərinin tətbiq olunmasını istəyirik. Burada məqsəd hansısa şəxsin müəyyən həcmdə cərimə olunması deyil və bu bizi maraqlandırmır. Tarif Şurasının müvafiq qaydaları çərçivəsində təkliflərimizi vermişik. Məqsədimiz Azərbaycan ədəbi dilinin qorunması və inkişafının təmin olunmasıdır. Sadəcə prosesi sürətləndirmək lazımdır və düşünür ki, cərimələrin tətbiq olunması tez bir zamanda öz müsbət nəticələrini göstərəcək”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top