Psixiatr: "Özbaşına qəbul edilən antidepressiya dərmanları həyəcan və depressiyanı artırır"

Son illər "dost tövsiyəsi ilə" antidepressiya əleyhinə dərmanlardan istifadə edənlərin sayı artır. "Yeniavaz.com"un Türkiyə KİV-nə istinadən xəbərinə görə, aparılan araşdırmalar göstərir ki, mütəxəssislərlə razılaşmadan, onların məsləhəti olmadan alınan bu cür vasitələr problemi həll etmək əvəzinə, ciddi çətinliklər yaradır.

Psixiatr Şaban Karayağız deyir ki, insanlar üzərində təsiri 1970-ci illərdə kəşf edilən molekul şəklindəki antidepressiya dərmanları ilkin mərhələdə beyindəki hormonları dəyişdirmək üçün istifadə edilib.

Bu dərmanların beyində azalan və ya dəyişən hormonları normal səviyyəyə salmaqda və ya yüksəltməkdə çox böyük effekti olub: "Sadəcə, depressiya üçün deyil, səbəbsiz özünü həyəcanlı hiss edən insanlar üçün də effektlidir. 70-ci illərdə antidepressiya əleyhinə olan bu vasitələrin mənfi təsirləri daha çox idi, lakin müasir dövrümüzdə daha da təkmilləşdirilərək, minimuma endirilib".

Psixiatr onu da vurğulayıb ki, 70-ci illərdə insanlar çox nadir hallarda həkim, psixoloq məsləhəti olmadan bu dərmanlardan istifadə edirləmiş, lakin indi sanki adiləşib: "Bir insana uyğun olmayan antidepressiya dərmanının qəbul edilməsi orqanizmdə çox ciddi problemlərə səbəb olur. Bəzən bir çox insanlar - həyat yoldaşı, dost, tanışların "mənə çox yaxşı təsir etdi, sən də alıb istifadə elə" kimi fikirlərinə arxayın olub bu cür dərmanlardan qəbul edirlər. Lakin öncəliklə hər kəs bilməlidir ki, bütün orqanizmlər, onların dərmanlara, xüsusən, bu cür vasitələrə həssaslığı eyni dərəcədə deyil. Antidepressiya əleyhinə olan dərmanlar fərqli özəlliklərə sahibdirlər, insan orqanizminə çox ciddi təsirləri var. Ona görə də bu dərmanların uyğun dozada qəbul edilməsi şərtdir. Dozanın keçilməsi hətta insanı dəli belə edə bilər. Ona görə də xəstənin yaxınlarının və ya özünün şikayətlərinə uyğun olaraq analizlər aparılmalı və hansı dərmandan hansı miqdarda qəbul edilməsi müəyyənləşdirilməlidir".

Psixiatrın dediyinə görə, depressiya və həyəcandan xilas olmaq niyyəti ilə qəbul edilən təsadüfi dərmanlar həm həyəcanı, həm də depressiyanı artırır: "Ürək döyüntüləri artır, yuxusuzluq baş qaldırır, əsəbilik güclənir, insan səbəbsiz yerə ağlamağa başlayır. Bu hallar şiddətləndikcə insanın intihar fikrinə düşmə riski də var. Hər insandakı duyğu və vəziyyət özünü fərqli şəkildə göstərməkdədir. Buna görə də qəbul edilən dərman da insanın orqanizminə uyğun olmalıdır. Antidepressiya qurupuna daxil olan dərmanların təsiri bir-iki gün içində deyil, dərman qəbuluna başlanıldıqdan 2 həftə sonra hiss edilir. Bu mərhələ 8-ci həftəyə qədər davam edir. Həyəcan sindromu ortaya çıxdığı andan etibarən başlayan və ən az 6 ay davam edən dərman müalicəsi məsləhət görülməkdədir. Dərmanın təsirinə görə müalicə müddəti müəyyənləşdirilir. Bəzi dərmanların təsiri xəstənin orqanizminə uyğun dəyişməkdədir. Onu da qeyd edim ki, xalq arasında bu dərmanların böyrək və qaraciyərə zərər verdiyi, beyni çürütdüyü iddiaları da doğru deyil. Sadəcə olaraq bu dərmanları dost, qohum, tanış məsləhəti ilə kor-koranə qəbul etmək doğru deyil".

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top