Bəzi vətəndaşlarda xəstəlik tapılıb: Mingəçevirdə əhali pulsuz müayinədən keçirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində sentyabrın 20-də keçirilən sağlamlıq həftələrinin açılış mərasimində ilkin müayinələrdən keçən sakinlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırladığı registr sisteminin məlumatlarını təhlil edib. "Yeniavaz.com" xəbər verir ki, toplanan məlumatlardan məlum olub ki, açılış mərasimində Mingəçevir şəhərində yerləşən Müşfiq Mirzəyev adına "Dostluq" parkında qurulan 4 çadırda ümumilikdə müxtəlif yaş qruplarına aid 442 nəfər müayinələrdən keçib. Onlardan 228 nəfəri kişi, 214 nəfəri isə qadın olub. Müayinələrdən keçənlərin 77 nəfəri 0-15 yaş, 38 nəfəri 16-25 yaş, 61 nəfəri 26-35, 28 nəfəri 36-45 yaş, 73 nəfəri 46-55 yaş, 113 nəfəri 56-70 yaş arasında, 52 nəfəri isə 70 yaşdan yuxarı olublar. Müayinələrə cəlb olunanların 148 nəfəri ailə həkiminin, 248 nəfəri isə ixtisas həkimlərinin qəbulunda olublar. Müraciət edənlərin 391 nəfəri pilot ərazilərin sakinləridir. Müayinələrdən keçən şəxslərin 249 nəfərinin bədən çəkisi normadan artıqdır. Sorğu nəticəsində məlum olub ki, sakinlərin tibbi müayinələrdən keçmə tezliyi müxtəlifdir. Məsələn, 118 nəfər şəxs son 1 ay ərzində tibbi müayinələrdən keçib, 48 nəfər tibbi müayinədə 3 ay öncə, 57 nəfər isə son altı ay ərzində olub. Müraciət edənlərin 32 nəfəri 1 il ərzində, 56 nəfər isə son 3 il ərzində müayinələrdən keçib. 3-5 il ərzində müayinələrdən keçmiş müraciətçiələrin sayı 16 nəfər təşkil edib. 115 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub.

Müraciətçilər arasında bir sıra patologiyaların ilkin əlamətləri ilk dəfə olaraq aşkar edilib. Belə ki, ürək-qan damar sistemi xəstəlikləri üzrə ixtisaslaşmış müayinə çadırına müraciət edən 131 vətəndaşdan 29 nəfərində hipertoniya xəstəliyinin ilkin əlamətləri aşkar edilib və onlara daha əsaslı müayinə üçün müvafiq göndərişlər verilib. Şəkərli diabet və sağlam həyat tərzi üzrə ixtisaslaşmış çadıra müraciət etmiş 152 nəfər müvafiq müayinələrdən keçib. Qadın və uşaqların sağlamlığı üzrə ixtisaslaşmış çadırda 110 nəfər müraciətçi müayinələrə cəlb olunub və onların 5 nəfərində süd vəzisi ilə bağlı patologiya aşkarlanıb. 14 nəfər bir yaşınadək körpədə erkən raxit əlamətləri, 26 körpədə isə çəki ilə əlaqədar problemlər aşkarlanıb.

Prostat vəzinin xəstəlikləri və sağlam həyat tərzi üzrə ixtisaslaşmış çadırda isə əsasən kişi əhalisinin müayinəsi təşkil edilib. Bu çadırda eyni zamanda tütün məhsullarından istifadə edən vətəndaşların ağciyərlərinin funksional vəziyyətini yoxlamaq məqsədi ilə spirometriya müayinəsi aparılıb, tütün çəkmənin zərərləri və bu vərdişdən qurtulmaq yollarına dair müvafiq tövsiyələr verilib. Çadırda həmçinin müayinə olunan 18 vətəndaşın hər birində müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar aşkar edilib.

Səhhətində problemlər aşkarlanan şəxslərin hər birinə daha dərin müayinə və müalicə ilə əlaqədar müvafiqtövsiyələr verilib. Vətəndaşlara həmçinin sağlam həyat tərzi, şəkərli diabetin ağırlaşmalarının profilaktikası və sağlam qidalanma ilə bağlı, analara körpələrin düzgün qidalanması və qulluğuna dair tövsiyələr verilib, körpələrə qulluq üçün gigiyenik vasitələr hədiyyə edilib, maarifləndirici çap materialları paylanılıb.

Layihənin açılış mərasimində vətəndaşlara oktyabr-dekabr aylarında Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində keçiriləcək "Sağlamlıq həftələri" müddətində əldə edə biləcəkləri xidmətlər haqqında ətraflı məlumat verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top