Bakıda qəribə hadisə: Sərnişinlərin ayaq üstə durduğu avtobusda itləri oturacaqlarda oturdublar FOTO - VİDEO

Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda işləyənlərin və işsizlərin sayı açıqlandı RƏSMİ MƏLUMAT

Cümə axşamı, 14 dekabr 2017
TR EN RU

Menu

Cümə axşamı, 14 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

Yüksək balla universitetə girən bacılar imkansızlıqdan təhsili yarımçıq qoydu: ANADAN MÜRACİƏT

21.09.2017 17:47

Dövlət universitetlərində təhsil alan 2 bacı ailəsinin kasıblığı ucbatından təhsilini yarımçıq qoyur. Bu barədə "Yeniavaz.com" saytına həmin tələbələrin anası, Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Gülnisə Məmmədova məlumat verib. Gülnisə Məmmədova bildirib ki, hazırda 2 qız övladı Azərbaycan Dövlət Pedoqoji və Bakı Dövlət Universitetlərində təhsil alır, lakin imkansızlıq ucbatından onları oxutdura bilmir. Müəllimənin sözlərinə görə, qızlarından biri 3-cü kursda, digəri isə 1-ci kursda təhsil alır: "Böyük qızım 501 balla Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Hazırda 3-cü kursa keçib. Digər qızım isə 478 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə girib. Ümumilikdə 4 övladım var, digər 2 uşağım isə məktəblidir".

Gülnisə müəllimənin dediyinə görə, övladlarını oxuda bilməməsinin səbəbi yoldaşının ağır xəstəlik səbəbindən işləməməsidir: "Ötən ilə qədər yoldaşım ustalıq edirdi, mən isə məktəbdə müəllimə işləyərək onları ehtiyaclarını ödəyirdik. Lakin ötən il yoldaşım işləmək üçün Rusiyaya yola düşdü. Orada usta işləyir və elə işlədiyi yerdə də qalırdı. Bir neçə aydan sonra işlədiyi pulu almalı imiş, 2 nəfər bunu eşidib. Həmin gün gəlib onu vəhşicəsinə döyüblər, başından vurublar. Başından travma alıb, hər yeri sınıq-sınıq olmuşdu. Həmin gün pulu almayıbmış. Bir gözü tökülüb, digər isə əməliyyat olunmalıdır, görmür. Yoldaşım işləmədiyi üçün qalmışam tək, qızlarımı oxutdura bilmirəm".

Gülnisə Məmmədova deyir ki, hər iki qızı ödənişsiz fakültədə oxuyur: "Kiçik qızım ötən il 442 balla ödənişli fakültə yazmamışdıq deyə kəsilmişdi. Hazırlaşıb yenidən imtahan verdi və BDU-ya daxil oldu. Çox sevinirdi".

Onun sözlərinə görə, bu hadisə baş verənədək atası Rusiyadan hər gün qızlarına zəng vurur, vaxtında pul göndərir, "ay qızım, narahat olmayın, sizi oxudacağam" deyirmiş: "Lakin sonradan belə bir bədbəxt hadisə baş verdi. Yoldaşımın tökülən gözünə şüşə qoyublar. İndi qalmışam çıxılmaz vəziyyətdə. Qızlarım mənə dedilər ki, mama, getməyək, oxumuruq. Bakıda ucuz qiymətə ev tapmaq olmur. Mən əsas kirayə puluna görə narahatam. Hazırda hər ay hər biri üçün 100 manat kirayə pulu verməliyəm. Bu da edir 200 manat. Fikirləşirəm ki, hər ay 200 manat onların ev kirayəsinə verə bilməyəcəyəm. Bir yandan da yoldaşımın müalicəsi üçün kredit götürmüşdük. Mənim aylıq maaşım 286 manatdır. Mən bu pulla heç nə edə bilmərəm, oxuda bilmərəm. Onlar qalacaq yerlə - yataqxana ilə təmin olunsalar, pulsuz bir yerdə qalsalar, birtəhər də olsa oxudaram. Əsas ev problemidir. Sentyabr ayının kirayə pulunu vermişdim. Oktyabrın 5-də yenidən 200 manat ödənməlidir. Buna isə imkan yoxdur. Məcburam onların təhsili yarımçıq qoyam, amma bunu istəmirəm. Onların ən böyük arzusu oxumaqdır. Çoxları deyir ki, oxutma, imkanın yoxdur yarımçıq saxla. Amma mən deyirəm ki, nəyə görə oxutmayım, yazıq deyillərmi? Ödənişli fakültəyə girməyiblər axı, ödənişsizdir. Onların oxumasını istəyirəm, başqa heç nə. Kimsə onlara kömək olsun".

Qeyd edək ki, Gülnisə Məmmədova müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edən və yüksək bal toplayan müəllimlərdən biridir: "Savad cəhətdən hamımız yaxşıyıq, amma maddi imkanımız yoxdur. Ev-eşiyimiz bərbad gündədir, yağan yağış başımıza tökülür. Amma bu bizi narahat eləmir. Aidiyyəti orqanlardan, vətənpərvər, xeyirxah, imkanlı insanlardan sadəcə qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm".

Tələbələrin təhsillərini davam etdirə bilmələri üçün kömək olmaq məqsədi ilə Gülnisə müəllimə ilə əlaqə saxlamaq istəyənlər 051 437 63 74 nömrəsinə zəng vura bilərlər.

Nicat

Oxundu 2364

© 2017 - NSPSOLUTIONS