Son 8 ayda taksilərə 43 milyondan çox sərnişin minib

Bu ilin yanvar-avqust ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 150,1 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artım müşahidə olunub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, yüklərin 3,6 faizi dəniz, 6,3 faizi dəmir yolu, 0,1 faizi hava, 64 faizi avtomobil nəqliyyatı, 26 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,8 faiz artaraq 113,7 milyon ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 0,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5 faiz təşkil edib.

Bu ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 262,4 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust ayları ərzində 9,4 milyon ton yük, 1,6 milyon sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9 faiz azalma, sərnişin daşınmasında isə 29,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 347 vaqon yüklənib, 406 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,2 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust aylarında daşınan yüklərin həcmi 5 milyon 331,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52 faiz artıb. Yüklərin 49,3 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6 milyon 909,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 milyon 640,7 min tonunu və ya 96,1 faizini tranzit yüklər təşkil edib.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 12,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 96,2 milyon ton yük, 1110,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6 faiz artaraq 148,8 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1597,9 min və ya 19,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,1 faiz artaraq 104,9 min tona çatıb.

DİGƏR XƏBƏRLƏR

Top