Bağlanmış “26” kafesinin aqibəti necə olacaq? FOTOLAR

Bağlanmış “26” kafesinin bundan sonrakı taleyi necə olacaq? Bu sual çoxlarının maraqlandırır. Çünki fəaliyyəti dayandırılmış “26” kafesinin icarədarı həbs olunub. Məkanın əşyaları müsadirə edilib, qapısına möhür vurulub. Sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə adının "26 Bakı Komissarı" ilə bağlı olması iddiası ilə bağlanıb.

Hadisə zamanı H.Abutalıbovun əmri ilə saxlanılan məkanın icarədarı Ramin Məmmədov, 6 gün sonra Səbail rayon Məhkəməsinin qərarı ilə 20, kafenin işçisi Həmid Əfəndiyev isə 25 sutkalıq inzibati qaydada həbs ediliblər.

Hazırda tamamilə boşaldılmış kafenin qapısı möhürlənib. Qapıya 5 saylı mənzil-kommunal istismar sahəsinin möhürü ilə möhürlənmiş "Bağlıdır" yazılmış elan da yapışdırılıb. Əraziyə bir neçə günə kimi post-patrul xidməti nəzarət edirmiş. Artıq onlar da buraya nəzarət etmirlər.

Bəs, icarədar həbsdən çıxandan sonra həmin məkanı fərqli adda istifadə edə bilərmi? Ümumiyyətlə, müsadirə edilmiş əşyalar haraya aparılıb? Onlar geri veriləcəkmi?

Məsələylə bağlı BŞİH ilə əlaqə saxlayıb, kafenin sonrakı taleyi ilə bağlı suallar vermək istədik. Amma bütün cəhdlərimiz boşa çıxdı.

Vəkil Əsabəli Mustafayev deyir ki, icarədar azadlığa çıxan kimi onun əmlakı geri verilməlidir: "Ümumiyyətlə adla bağlı oranın bağlanması, əşyaların müsadirəsi qanunsuz və absurddur. Müsadirə edilmiş əmlakın geri verilməsinə gəldikdəsə, icarədar həbsdən çıxandan sonra öz əmlakını geri almalıdır. Əmlakı özlərində saxlaya bilməzlər. Hətta həmin şəxs sındırılmış, məhv edilmiş əmlakına görə məhkəməyə də müraciət edə bilər. Amma hazırda əmlakın kimdə olması bəlli deyil. Əmlakın sahibi azadlığa çıxandan sonra müsadirə edilən əmlak ona mütləq geri verilməlidir".

Hüquqşünas Ruslan Əhmədoğlu isə deyir ki, baş verən proseslərin heç birinə hüquqi qiymət vermək mümkün deyil:"Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 26 noyabr 2012-ci il tarixində Nazirlər Kabineti yanında terminologiya komissiyası yaradılıb. Həmin komissiyanın əsasnaməsinə əsasən Azərbaycan dilinin lüğət termininə birbaşa nəzarət edərək, monitorinq keçirərək Azərbaycan dilinə, tarixinə zidd olan adları müəyyən etmək və o adların verilmə prinsipini müəyyənləşdirmək səlahiyyəti birbaşa sözügedən komissiyanın səlahiyyətinə aid olan məsələdir. Sırf Azərbaycan dilinə yad elementləri həmin komissiya müəyyən edir və hər hansısa ad dəyişmək üçün komissiya iclas keçirərək, sözügedən məsələni müzakirəyə çıxardır. "26" kafesinin adını bu komissiya dəyişə bilərdi. Ümumiyyətlə daşınmaz əmlak icra hakimiyyətinin tabeliyində deyilsə, həmçinin heç bir məhkəmə qərarı olmadan baş verən proseslərin heç birinə hüquqi qiymət vermək mümkün olmur. Mülkiyyət hüququ toxunulmazdı. Məhkəmə qərarı olmadan obyektə daxil olub, oradan hansısa əmlakı müsadirə etmək tam qanunsuzdur".

Əldə etdiyimiz özəl məlumata görə, məkan sahibi öz ətrafına deyib ki, kafe öz fəaliyyətinə başqa adla da olsa, davam edəcək. O, sadəcə Ramin Məmmədovun azadlığa çıxmasını gözləyir. Çünki obyektin icarədarı Ramin Məmmədovdur. Müsadirə edilmiş əşyaları da yalnız o geri ala bilər. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top