AÇG-nin yeni platformasından ilk neft hasilatına 2023-cü ildə başlanacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə imzalanan yeni saziş çərçivəsində quraşdırılacaq yeni platformadan ilk neft hasilatına, təxminən, 2023-cü ildə başlanacaq. Bu barədə SOCAR-dakı mənbə bildirib. O qeyd edib ki, yekun investisiya qərarının 2019-cu ildə qəbul edilməsi gözlənilir. Onun sözlərinə görə, yeni platforma “Mərkəzi-Şərqi Azəri” platforması adlandırılacaq.

Qeyd edək ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Məlumat üçün onu da bildirək ki, sazişin təfərrüatları ictimaiyyətə açıqlanmasa da, layihədə iştirak edən tərəflərin pay bölgüsü barədə mətbuatda məlumatlar yayılmağa başlayıb. Həmin məlumatlarda göstərilir ki, AÇG yatağının işlənməsi ilə bağlı 1994-cü ildə imzalanan sazişdən fərqli olaraq yeni sazişdə SOCAR-ın payı kəskin artıb. Belə ki, AÇG layihəsində SOCAR-ın payı əvvəlki 11,3%-dən 25%-ə yüksəlib. Əvəzində isə layihənin operatoru olan BP-nin payı 35,8%-dən 30,37%-ə düşüb. Bunlardan başqa layihənin digər iştirakçıları olan "Chevron"un payı 11,3%-dən 9,57%-ə, "İnepx"in payı 11%-dən 9,31%-ə, "Statoil"in payı 8,6%-dən 7,27%-ə, "ExxonMobil"in payı 8%-dən 6,79%-ə, TPAO-nun payı 6,8%-dən 5,73%-ə, "İtochu"nun payı 4,3%-dən, 3,65%-ə, "ONGC Videsh Ltd"nin payı isə 2,7%-dən 2,31%-ə qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top