Naxçıvanda orta aylıq əməkhaqqı 414 manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 705,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. "Yeniavaz.com" muxtar respublikanın Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 3 min 788 manata çatıb. Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikasından fərqli olaraq bu yanvar-aqvqust aylarında ölkədə ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalıb.

Sənaye üzrə 708 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələyib. İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 635,6 milyon manat dəyərində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyanın 594 milyon manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2017-ci ilin yanvar-avqust aylarında 279 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 13 min 192,5 ton ət, 66 min 50,6 ton süd istehsal edilib, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 7,3 faiz artıb.

Bu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 414,3 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top