"Kristal Abşeron" şirkəti binanın mansardında yerləşən mənzilin 1 kv.m-ni 1711 manata satır

Məlum olduğu kimi, 2006-cı ildən başlayaraq ölkəmizdə ipoteka kreditlərinin verilməsinə başlanılıb. İpoteka kreditləri sisteminin tətbiq edildiyi bütün ölkələrdə olduğu kimi bizdə də ipoteka kreditləri əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə verilir.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə ölkə başçısının 16 sentyabr 2005-ci ildə imzaladığı müvafiq fərmanda da qeyd olunur. Bəs görəsən ölkəmizdə tətbiq edilən mövcud ipoteka şərtləri əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmağa xidmət edirmi? İpoteka kreditlərinin verilməsi üçün tələb olunan şərtlərə nəzər saldığımızda açıq şəkildə görünür ki, mövcud ipoteka sistemi əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmağa ciddi şəkildə mane olur. Hətta bəzi hallarda əhalinin yaşayış səviyyəsinin pisləşməsi ilə nəticələnir.

Məsələn, satış qiyməti 60 min manat olan ev mövcud ipoteka sistemində vətəndaşa 125 min manata başa gəlir. Yəni vətəndaş ev sahibi olmaq üçün onun real dəyərindən 2 dəfədən çox vəsait ödəməli olacaq. 50 min manat məbləğində ipoteka krediti götürən şəxs 25 il müddətinə müvəkkil kredit təşkilatlarına 115 min 800 manat (2,3 dəfə çox) vəsait ödəyəcək. İpoteka şərtlərinin reallığa uyğun olmaması təkcə illik faiz dərəcəsinin (8%) yüksək olması ilə məhdudlaşmır.

Kreditlərin verilməsi zamanı tələb olunan digər şərtlər də bu günün reallıqlarına uyğun deyil. Məsələn şərtlərdən biri bundur ki, ipoteka krediti alan şəxsin kredit borcu üçün ödədiyi aylıq məbləğ onun gəlirlərinin 70%-dən çox olmamalıdır. Eyni zamanda aylıq gəlirin geri qalan 30%-i isə kredit götürənin ailə üzvlərinin sayından asılı olaraq adambaşına 155 manatdan (yaşayış minimumu) az olmamalıdır. Bəs bu şərtlər altında kredit götürmək nə dərəcədə mümkündürmür? Bu gün valideyinlər və iki uşaqdan ibarət 4 nəfərlik bir ailə dəyəri 50 min manat olan mənzili ipoteka krediti vasitəsilə almaq istəsə, o zaman aylıq gəlirlə bağlı minimal tələb 1150 manat həddində olacaq.

Bu gün rəsmi gəlirləri 1150 manat səviyyəsində olan ailələrin sayı ölkədə nə qədərdir? Rəsmi statistikaya görə, hazırda ölkədə orta aylıq əmək haqqı bu məbləğdən 2 dəfə az - 513 manata bərabərdir. Bu şərtlərlə hansı müəllim, hansı həkim ipoteka krediti ala bilər? Hətta bir ailənin rəsmi aylıq gəlirləri 1150 manat həddində olsa belə mövcud faiz dərəcələri ilə ipoteka krediti götürmək həmin ailənin yaşayış səviyyəsinə müsbət təsir etməyəcəkdir. Vətəndaş dəyəri 50 min manat olan bir ev üçün 7515 manat ilkin ödənişdən əlavə hər ay 328 manat ödəməli olacaq. Həm də düz 25 il müddətində. Yekunda isə ipoteka krediti şəkilində aldığı 42 min 500 manatın əvəzinə müvəkkil kredit təşkilatlarına 98 min 400 manat ödəmiş olacaq.

Vətəndaş Xırdalan şəhərində yerləşən binanın mansardındakı 29 kv.m sahəsi olan mənzil üçün yekunda 49 min 620 manat ödəməli olacaq

İpoteka şərtlərinin əlverişsiz, hətta olduqca ağır şərtlər altında verilməsi yalnız Azərbaycan İpoteka Fondun tərəfindən verilən kreditlərdə müşahidə olunmur. Özəl tikinti şirkətləri tərəfindən təqdim olunan satış şərtləri də insanların yaşayış şəraitinin yaxşılaşmasına deyil, əksinə daha çox maddi sıxıntıya düşmələrinə gətirib çıxarır.

Məsələn, nümunə olaraq son günlər ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" şirkətinin təqdim etdiyi satış şərtlərinə baxmaq olar. Yəqin ki, bu şirkətin təklif etdiyi satış şərtləri reklam şəkilində sizlərin də qarşısına çıxır. "Aylıq 148 manat" ifadəsinin daha çox qabardıldığı reklam təklifləri ilk baxışdan cəlbedici görünə bilər. Amma, şərtlərə diqqətlə baxdığımız zaman bu təklif əslində vətəndaşlar üçün ciddi maddi sıxıntı deməkdir. "Kristal Abşeron" şirkəti Xırdalan şəhərində inşa etdiyi binanın mansardında 29 kv.m sahəsi olan mənzil üçüm ilkin ödəniş kimi 5220 manat və 25 il ərzində hər ay 148 manat ödəniş tələb edir.

Sadə bir hesablamadan sonra görürük ki, vətəndaş Xırdalan şəhərində yerləşən binanın mansardındakı 29 kv.m sahəsi olan mənzil üçün yekunda 49 min 620 manat ödəməli olacaq. Bu isə o deməkdir ki, binanın mansardında yerləşən mənzilin 1 kv.m-nin satış qiyməti 1711 manat təşkil edir. Bu qiymət bazardakı mövcud qiymətlərdən təxminən 3 dəfə yüksəkdir. Yeri gəlmişkən qeyd edək ki, binanın mansardında yerləşən mənzillərə təbii qaz xətti çəkilmir.

Nümunə olaraq "Kristal Abşeron" şirkətinin satış şərtlərini göstərsək də, digər özəl şirkətlərin satış şərtləri də vətəndaşlar üçün reklamlarda qeyd olunanlardan fərqli olaraq yaxşı yaşayış vəd etmir.

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top