Vətəndaşlara kömək edən YOL POLİSLƏRİ... Ekspert: "Bunu etməyə borcludurlar"

Avtomobili sınıb yollarda qalan, xəstələnib özünü pis hiss edən vətəndaşlara dövlət yol polisi əməkdaşlarının köməklik etmələri barədə xəbərləri tez-tez eşidirik. Bəzi hallarda yol polisi əməkdaşları hətta xəstə insanları öz maşınları ilə rayonlardan Bakıya xəstəxanaya da çatdırırlar. Bu cür məlumatların fotoları və videoları sosial şəbəkələrdə yayılanda insanlar tərəfindən rəğbətlə qarşılanır, əksəriyyət öz təşəkkürünü ifadə edir. Lakin belə xəbərlərlə razılaşmayıb bunun bir kampaniya olduğunu, məqsədli şəkildə yayıldığını bildirənlər də az deyil. Onlar iddia edirlər ki, bu bir sifarişdir və edilən yaxşılıqların kökündə də təbliğat durur. Bəs əslində nə baş verir? Əvvəllər də yol polisi əməkdaşları yollarda qalan, halı pisləşən vətəndaşlara kömək edirdilərmi? Yoxsa indi belə halların sayı artdığı üçün xəbərlərin də sayı çoxalıb? Mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert, "Digesta" hüquq firmasının rəhbəri Ərşad Hüseynov cavablandırdı.

- Ərşad müəllim, sosial şəbəkələrin aktiv istifadəçilərindən biri də sizsiniz və yəqin ki, yol polislərinin vətəndaşlara kömək etmələri ilə bağlı foto və videolarla siz də rastlaşırsınız. Belə bir sual yaranır: qanunla yol polisləri əməkdaşları bu köməkliyi etməyə borcludurlarmı? Yoxsa etməyə də bilərlər?

- Əslində, sizin qeyd etdikləriniz dövlət yol polisi əməkdaşlarının vəzifələrindən biridir. "Polis haqqında" Qanunda, "Yol hərəkəti haqqında" Qanunda, "Yol-patrul xidməti haqqında" təlimatda da bunlar var. Qeyd olunur ki, dövlət yol polisi əməkdaşları yollarda çətin duruma düşmüş insanlara mümkün yardımı etməlidirlər. Burada söhbət mümkün yardımdan gedir, yəni vətəndaşı xəstəxanaya çatdırmaq konkret olaraq göstərilmir.

- Mümkün yardım dedikdə nələr nəzərdə tutula bilər?

- Təcili yardıma zəng vurmaq da mümkün yardıma daxildir, bacarırsa xəstəyə ilkin yardım göstərmək də, imkanı varsa, onu öz maşını ilə xəstəxanaya çatdırmaq ora daxildir. Amma təbii ki, cibindən pul xərcləmək bura daxil deyil, ola bilsin, heç cibində pulun yoxdur. Lakin yol polisi əməkdaşı bunu eləsə alicənablıqdır. İndiki dövrdə yəqin ki, heç kim yol polisinə borclu qalmaz və onun qarşılığını artıqlaması ilə qaytarmağa çalışar. Bütün hallarda belə deyə bilərik ki, bu həm polisin hüquqi, həm də mənəvi borcudur.

- Yol polisləri əvvəllər də belə köməkliklər edirdilərmi, yoxsa...

- Əvvəla, bunu edirlərsə, çox sağ olsunlar. Ancaq sizə deyim ki, bu həmişə olub. Tək bizdə yox, dünyanın hər yerində var. Bunu edən polisləri alqışlamaq lazımdır.

- Lakin belə məlumatlar sosial şəbəkələrdə yayılan zaman nədənsə, təniqd edənlər də tapılır. Onlar deyirlər ki, bu sifarişdir və ona görə gündəmə gətirilir.

- Bu cür informasiyaların yayılmasının məqsədi polisin belə bir vəzifəsinin olduğunu və həmin vəzifənin öhdəsindən gəldiyini təbliğ eləməyə yönəlib. Burada qeyri-adi bir şey yoxdur. Bu, həmişə olub, Sovet dövründə də olub, indi də var, başqa ölkələrdə də var. Hətta bir neçə il bundan əvvəl Moskvada dövlət yol polisi əməkdaşları hamilə qadının doğuşunu qəbul eləmişdilər. Hadisə belə olub - yol polisləri görüblər ki, xanım uşaq dünyaya gətirir, təcili yardım çağırıblar. Yaxınlıqdakı xəstəxanadan həkim qaça-qaça gələnədək yol polisinin maşınında, polis zabitinin köməyi ilə xanım uşağı dünyaya gətirib. Yəni demək istədiyim odur ki, belə şeylər dünyanın hər yerində var. Bütün hallarda yol polislərinin bu hərəkətini alqışlamaq lazımdır. Təbliğat gedir ki, baxın, polisin bu işləri də var.

- Bəs, görəsən, belə xəbərlərin yayılması yol polislərinin özünə də təsir edirmi? Yəni bu təbliğat onları daha da həvəsləndirirmi?

- Bu xəbərlərin yayılması yol polislərində motivasiya rolunu oynayır. Bu o deməkdir ki, baxın, polisin belə bir vəzifəsi də var, polis bununla da məşğuldur. Bu gün cəmiyyətdə dövlət yol polisi əməkdaşları haqqında çox fərqli fikirlər var. Qəzəbli fikir sahiblərindən tutmuş, polisə hər cür dəstək vermək istəyən, onu alqışlayan şəxslərə də qədər - hər cür adamlar var. Hər halda münasibətlər fərqlidir. Polisin də bu təbliğatı elə ona yönəlib ki, motivasiya, stimul olsun, bilinsin ki, yol polisi təkcə cərimə yazmır, köməksiz vəziyyətə düşən, ehtiyacı olan insanlara bacardığı köməkliyi eləyir. Tam normal insani münasibətlər çərçivəsində alqışlanmalı bir işdir. Sağlam düşüncə ilə götürəndə yaxşı bir şeyi təbliğ eləmək nə vaxtdan pis iş ola bilər? Bunun arxasında nə dura bilər?

- Ərşad müəllim, istərdim bir məqama da aydınlıq gətirəsiniz, tutaq ki, yol polisi əməkdaşı yuxarıda sadaladığımız köməklikləri etmir, buna görə həmin əməkdaş məsuliyyət daşıyırmı? Yəni köməkliyi etmədiyinə görə onu cəzalandıra bilərlərmi?

- Bəli, ən azından həmin yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb oluna bilər. Təsəvvür edin, polis patrul avtomobilində gedir və görür ki, bir piyada ürəyini tutdu və səkiyə yıxıldı. Aşkar şəkildə bunu gördüsə, həmin yol polisi əməkdaşı mütləq maşınını saxlamalı və köməklik etməyə çalışmalıdır. Ola bilsin ki, həmin piyada infarkt keçirir və yaxud səhhətində başqa bir problem yaranıb. Dövlət yol polisi əməkdaşı ən azından telefonunu cibindən çıxarıb və yaxud üstündəki ratsiya ilə kömək çağıra bilər ki, filan yerdə vətəndaşın vəziyyəti ağırdır, gəlin, yardım edin. Əgər yol polisi əməkdaşı bunu eləməyib keçib gedərsə, onu intizam məsuliyyətinə cəlb edib hətta işdən qovmaq da olar. Ona görə ki, sən çətin vəziyyətə düşmüş, gözünün qarşısında yıxılıb qalmış vətəndaşa imkanın ola-ola kömək etməmisən. Amma başqa hallar da var. Məsələn, deyək ki, kimsə intihar etmək istəyir, polis də gəlib buna yalvarır ki, eləmə. Lakin vətəndaş bütün cəhdlərə baxmayaraq, ona qulaq asmır və intihar edir. Polis buna neyləsin? Özünü damdan atıb vətəndaşı tutası deyil ki? Lakin imkanı var idisə və kömək eləmədisə, ona görə intizam məsuliyyətinə cəlb olunub rəhbərliyi tərəfindən cəzalandırıla bilər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top