"AÇG"dən 435,6 milyon ton neft 136,3 milyard kubmetr təbii qaz hasil edilib

Bu il sentyabrın 1-nə qədər dünya bazarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") çıxarılan və Azərbaycanın payına düşən 245 mln. ton mənfəət nefti satılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuatda bildirib. Onun sözlərinə görə, işlənmənin əvvəlindən indiyə qədər “Əsrin müqaviləsi” çərçivəsində "AÇG"-dən 435,6 mln. ton neft və 136,3 mlrd. kubmetr təbii qaz hasil edilib.

Şirkət vitse-prezidenti həmçinin əlavə edib ki, hesabat tarixinə dünya bazarına 456 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 340 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Qeyd edək ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%. report

DİGƏR XƏBƏRLƏR

Top