Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

Erməni faşizmi ilə mübarizəyə həsr olunmuş ömür

05.09.2017 12:25

100 ildən artıq davam edən erməni terrorunun və vəhşiliklərinin açılması istiqamətində yazıçı-tədqiqatçı, fəlsəfə doktoru Aygün Həsənoğlunun axtarışları və layihələri özünün sanballığı və yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Erməni vəhşiliklərini əvvəlcə ədəbi əsərlərində qələmə alan müəllif daha sonra elmi-tarixi və hüquqi müstəvidə mövzunu davam etdirmişdir. İdeya və layihə müəllifi olduğu “Erməni terroru” fotoalbomu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2005-ci ildə nəşr edilərək bütün dünyaya yayılmışdır. Fotoalbom bir çox ölkələrdə qondarma “erməni soyqırımı”nın qəbul edilməsinə mane olmuş, araşdırma mərkəzlərində və tədqiqatçılarda ciddi maraq oyatmışdır.

2003-2007-ci illərdə erməni vəhşiliklərini bütün tərəfləri ilə əks etdirən 70-dən artıq məqaləsı cəmiyyətdə böyük rezonans doğurdu. Bu müddətdə alman faşistlərinin mühakimə edildiyi Nürnberq Hərbi Trubunalının məhkəmə materiallarını geniş şəkildə araşdıran Aygün Həsənoğlu, bu məhkəmədə faşistlərə qarşı irəli sürülən maddələrlə erməni cinaətkarlarının törətdikləri cinayətləri müqayisə edərək ermənilərin də eyni müharibə cinayətlərini üzə çıxaran faktları toplayaraq “Erməni sindromu” adı altında 2005-ci ildə nəşrə hazırladı. Kitabın nəşri üçün heç kimdən maddi dəstək görməyən müəllif, kitabı yalnız 2007-ci ildə öz vəsaiti hesabına 150 ədəd nəşr etdirə bildi və pulsuz olaraq payladı. Kitab ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Kitabdakı materiallar xeyli verilişin hazırlanmasına, məqalə və kitabların yazılmasına təkan verməsinin şahidiyəm. 2008-ci ildə isə “Erməni əsirliyində” kitabını Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ingilis dilində çap etdirdi. Hər iki kitab Diaspora Komitəsinin və ictimai təşkilatların xətti ilə xaricdə yayılmışdır.

2010-cu ildə “Ermənistan, əsir və girovları geri qaytar” adlı təbliğat kampaniyası başladı və bu çərçivədə Ermənistan tərəfindən girov götürülərək geri verilməyən uşaqlar haqqında A. Həsənoğlunun ssenarisi və layihəsi əsasında tanınmış rejissor Tahir Əliyev “Girov uşaqlıq” sənədli filmini çəkdi.

Aygün Həsənoğlu Azərbaycanın dövlət qurumlarına yüzlərlə layihələr təqdim etmiş, bunlardan az bir qismi həyata keçirilmişdir. “Erməni terroru” mövzusunda rəsm sərgisinin təşkili, Azərbaycanda Strateji Araşdırmalar Mərkəzinin qurulması, Bakıdakı erməni kilsəsində “Erməni terroru” muzey-mərkəzi və ya kitabxanasının yaradılması kimi layihələrin ideyası da ona məxsusdur. Dünyada ilk dəfə Xocalı soyqırımının rəsmən tanınması da məhz Aygün Həsənoğlunun səyi nəticəsində olmuşdur. 2004-cü ilin sentyabrında Ankara Keçiören bələddiyəsinin ev sahibliyində keçirilən Türk dünyası yazarlarının Füzuli adına şeir yarışmasında həmin bələdiyyənin sədri Turgut Altınoka materiallar təqdim edərək Xocalı soyqırımını rəsmən tanınmasını rica etmiş, bir neçə aydan sonra Ankara Keçiören bələdiyyəsi Xocalı soyqırımını rəsmən tanıdığını elan etmişdir.

Aygün Həsənoğlunun ədəbi yaradıcılığında da Qarabağ müharibəsi və Xocalı soyqırımı ana xətt kimi keçir. O, Xocalı soyqırımını ilk dəfə qələmə alan yazıçıdır və tək yazıçıdır ki, müharibənin içində müharibədən yazmaq cəsarətini özündə tapıb. A.Həsənoğlu istər dramaturgiyasında, istərsə də hekayələrində Qarabağ müharibəsi bütün dəhşətləri ilə əks olunmuşdur. Hələ 1992-ci ildə yazdığı “Qurd harayı” hekayəsi (“Qovuq”, 2000), “Çiçəklər açılanda” və “Ruhların səsi”, Üsyan” pyesləri, 2001-ci ildə yazdığı “Adsız qadın” monopyesi və “Tabutda dirilənlər” kinopovesti, “Qarabağı qaytaran oğlan”, “İblis”, “Yanğı”, “Səhv” (“Yeddi qapı”, 2004), “Kişilər qayıdırlar”(1994) , “Mağara” (1992), “Kölgə” (1995) pyesləri, (Qovuq, 2000) “Bütün müharibələrə lənət” kitabındakı 24 hekayədə Qarabağ müharibəsinin son dərəcə təsirli, insan qəlbini və ruhunu titrədən səhnələri yer almışdır. Xüsusilə, “Səhv” və “Lənət” hekayələri mövzuya yanaşma tərzi və orijinallığı ilə bərabər, həm də dərinliyi ilə seçilir. Qeyd etməliyəm ki, bu hekayələr əslində gözəl bir film ssenarisidir. Qarabağ döyüşlərini ilk dəfə səhnəyə gətirən dramaturq da məhz Aygün Həsənoğludur. “Mağara” pyesi 1994-cü ildə Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxmışdır. Hazırda isə Xocalı soyqırımının dəhşətlərini əks etdirən və dünyada terror və müharibə qurbanı olmuş qadınlara həsr edilmiş “Adsız qadını” pyesi 2016-cı ildən başlayaraq İstanbul Azərbaycan Teatrı tərəfindən səhnələşdirilərək tamaşaçılara göstərilməkdədir. Hazırda tamaşanın rusca variantı hazırlanır.

Aygün Həsənoğlunun yaradıcılıq və fəaliyyəti bununla bitmir. O, 5 ildir ki, Türkiyənin İstanbul şəhərində universitet, dərnək, vəqf və bələdiyyələrdə Qarabağ müharibəsi, Xocalı soyqırımı, erməni terroru mövzusunda 100-ə qədər məruzə və çıxışlar etmiş, seminarlar vermişdir. Bundan başqa, Türkiyənin “24-cü kanal”, “Türknet”, “Bengütürk”, “Kanal 7” kimi televiziya kanallarında eyni mövzuda çıxışlar etmişdir.

Bu kiçik yazımızda ömrünü, gəncliyini erməni faşizmi ilə mübarizəyə həsr etmiş bir xanımımızın fəaliyyətinin bir qismini diqqətə çatdırdıq. Aygün Həsənoğlu bir universitet, bir nazirliyin görə biləcəyi işi təkbaşına görüb. QHT-lərə Dövlət Dəstəyi Şurasının 2 kitabına çapı və tərcüməsinə ayırdığı maliyyə nəzərə alınmazsa, bütün bunların müqabilində indiyədək heç kimdən və heç bir qurumdan maddi və mənəvi dəstək almayıb, dövlətdən heç bir qayğı görməyib. Əksinə, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan şəxslər onun layihələrinin həyata keçirilməsinə, o cümlədən, 2005-ci ildən hazır olan “Erməni vandalizmi” fotoalbomunun nəşr edilməsinə mane olublar. Lakin bütün bunlar onu yolundan saxlaya bilməyib. 2 il ərzində erməni məsləsi ilə bağlı 2 böyük tədqiqat əsərini Azərbaycan dilinə çevirən yazıçı, Nizami Gəncəvinin 3 əsərini Türkiyə türkcəsinə uyğunlaşdırmışdır. Hazırda da “İsgəndərnamə” əsərinin tərcümsi ilə məşğuldur.

Bu yaxınlarda jurnalistlərə mənzillərin paylanmasını sevinclə qarşılasam da, Aygün Həsənoğlu kimi vətən övladının adının bu siyahıda olmaması məndə təəssüf hissi doğurdu. O jurnalistlər hər hansı qəzetdə işləyib maaş alıblar. Lakin Aygün xanım nə bu kitablara görə maaş alıb, nə də çap olunan məqalələrinə görə qonorar alıb. Aygün xanım görə biləcəyi hər işi artıqlaması ilə görüb. Bizə və dövlətə qalan isə, onun gördüyü işlərin daha geniş məkanda yayılması və potensialını dövlətə sərf etməsi üçün Aygün Həsənoğluya və onun kimi vətənpərvər vətəndaşlarımıza şərait yaratmaqdır. Onun fəaliyyətini araşdıranda istər-istəməz düşünürsən: “Dövlətin onu görməsi və qiymətləndirməsi üçün daha nə lazımdır ki?”

Telman Qasımov

Oxundu 509

© 2017 - NSPSOLUTIONS