Vətəndaş "Azərsu"nu ittiham edir: "İşlətmədiyim su üçün məndən pul tələb edirlər"

Bakı sakini Əmrah Abdurrəhmanlı Azərsu ASC Nərimanov Rayonu Sukanal İdarəsindən şikayətçidir.

“Yeniavaz.com” xəbər verir ki, Nərimanov rayonunda yaşayan vətəndaşın sözlərinə görə, onun kirayədə yaşadığı mənzildə su sayğacında göstərilən borcdan artıq pul yazılıb: “Əvvəlcə bizim su sayğacını dəyişdilər. İlk dəfə 7 kub istifadə yazdı, dedilər ki, nə isə əvvəldən qalan borc var, 14 manat ödədim. Sonuncu ödənişin çeki 50 kub görünürdü, həmin borcu da ödəmişəm. Hal-hazırda sayğacda 70 kub görünür. Biz hardasa 2 aydır evdə deyilik. Amma evdə olduğumuz müddətdə göstərilən borcu ödəmişəm. İndi gəlmişəm, qapıya 46 manat borcum olması ilə bağlı bildiriş qoyulub: "Ödəniş olmasa 3 günə su kəsiləcək". Ümumiyyətlə ödəniş etməsən belə 70 kub heç 46 manat etmir. Amma mən yeni sayğac qoyulandan ödəniş etmişəm”.

Məsələ ilə bağlı Azərsu ACS ilə əlaqə saxladıq. Azərsu ASC-nin mətbuat xidmətindən saytımıza bildirdilər ki, hesablama sistemi proqramlaşdırıldığı üçün orta sərfiyyat hesablanır: “Vətəndaş 2 ay müddətində evdə olmadığına görə, sayğac oxunmayıb. Biz, Azərsu ASC olaraq yerli su kanal idarəsinə göstəriş vermişik ki, abonentin iştirakı ilə yerində baxış keçirilib dürüstləşmə aparılsın. Məsələn, əgər gedib orda 70 kuba yaxın rəqəm görsələr heç, amma görsələr ki, yox, həddindən artıq çoxdur, deməli, bu çəkilən foto köhnədir”.

DİGƏR XƏBƏRLƏR

Top