Türkiyə pomidorlarının Rusiyaya ixracında Azərbaycan vasitəçilik edirmi? ANALİZ

Rusiya ilə Türkiyə arasında 2015-ci ilin noyabr ayında baş verən "təyyarə böhranı"ndan sonra Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar ötən ilin ikinci yarısından etibarən tədricən ortadan qalxmağa başlayıb. Ən son, ötən ay Rusiyanın baş naziri Dmitri Medvedevin imzaladığı sərəncama əsasən toyuq və toyuq məhsullarının, almanın, xiyarın, üzümün və digər məhsulların Türkiyədən Rusiyaya gətirilməsinə qoyulan qadağa da ortadan qaldırılıb. "Yeniavaz.com" xəbər verir ki, yalnız Türkiyə istehsalı olan pomidorların Rusiyaya idxalına qoyulan qadağa ləğv olunmayıb. Səbəb kimi Türkiyə pomidorlarında olan xəstəlik göstərilir. Yaranmış vəziyyət isə Türkiyədəki pomidor istehsalçıları ilə Rusiyadakı pomidor alıcılarını narahat edir. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyə pomidorları 3-cü ölkələr vasitəsilə Rusiya bazarına daxil olur və bu zaman istehsalçılar daha ucuz satmağa, alıcılar isə daha baha almağa məcbur olurlar. Qazanan isə ortadakı vasitəçilər olur. Vasitəçi ölkələrdən biri kimi isə Azərbaycanın adı hallanır. Bəs görəsən, həqiqətən də Azərbaycan Türkiyə pomidorlarının Rusiyaya ixracında vasitəçi ölkə rolunu oynayırmı?

Türkiyədən Azərbaycana gətirilən pomidor dəyər ifadəsində 594 dəfə artıb

Məlumat üçün bildirək ki, Azərbaycan tərəfi səslənən iddiaları rəsmi şəkildə təkzib edib. Rəsmi dövlət qurumlarının açıqladığı rəqəmlər də onu göstərir ki, Azərbaycan Türkiyə pomidorlarının Rusiyaya ixracında vastəçi deyil. Məlumat üçün qeyd edək ki, Azərbaycandan Rusiyaya pomidor ixracı son 2 ildə kəskin artıb. Hazırda Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları arasında pomidor ilk sırada qərarlaşıb. Bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrə 121 milyon dollar dəyərində pomidor ixrac edib və bunun 120,8 milyon dolları Rusiyanın payına düşüb. Həmin dövürdə Türkiyədən Azərbaycana cəmi 1,4 milyon dollarlıq pomidor gətirilib. Düzdür 2016-cı ildə Türkiyədən Azərbaycana ixrac olunan pomidorun həcmi kəskin şəkildə artsada, bu miqdar Azərbaycandan Rusiyaya ixrac olunan pomidorla müqayisədə olduqca az olub. Belə ki, 2016-cı ildə Türkiyədən Azərbaycana gətirilən pomidor dəyər ifadəsində 594 dəfə artıb. Ancaq bu artıma baxmayaraq Türkiyədən Azərbaycana gətirilən pomidor Azərbaycandan Rusiyaya aparılan pomidorun cəmi 6,5% həddində olub. Qeyd edək ki, ötən il Azərbaycandan Rusiyaya 93,9 milyon dollar dəyərində pomidor ixrac olunub. Yuxarıda qeyd olunan rəqəmlərdən belə görünür ki, bu ilin ilk 6 ayında Türkiyədən Azərbaycana gətirilən pomidor Azərbaycandan Rusiyaya aparılan pomidorun cəmi 1,2% həddində olub. O zaman sual oluna bilər ki, Azərbaycanda pomidor istehsalı artmadığı halda bu məhsulun Rusiyaya ixracı niyə kəskin şəkildə artmağa başlayıb? Açıqlanan məlumatlar göstərir ki, hətta pomidor istehsalı 2015-ci illə müqayisədə 2016-cı ildə bir qədər də azalıb. 2015-ci ildə ölkə üzrə 515 min ton pomidir istehsal olunduğu halda ötən il 502 min ton pomidor istehsal edilib. Bu isə onu göstərir ki, yerli istehsalçılar Rusiya bazarlarında pomidora olan tələbatın artmasından yararlanaraq məhsullarını daxili bazarda deyil, Rusiya bazarlarında satmağa üstünlik verirlər. Elə bu səbəbdən də daxili bazarda pomidor qıtlığı müşahidə olunmaqdadır və bu da öz təsirini qiymətlərdə göstərir. Rəsmi məlumatlara görə, son bir ildə pomidorun qiyməti 40%-dən çox bahalanıb.

Pomidor istehsalına görə Türkiyə dünyada 4-cü sırada yer alıb

Onu da qeyd edək ki, Çin, Hindistan, və ABŞ dünyada ən çox pomidor istehsal edən ölkələrdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada istehsal olunan 160 milyon ton pomidorun 48 milyon tonu Çinin payına düşür. Bu da ümümi istehsalın 30%-ni təşkil edir. Bundan başqa ümumi istehsalın təxminən 11%-i Hindistanın, 7,9%-i ABŞ-ın payına düşüb. İl ərzində təxminən 11 milyon ton pomidor istehsal edən Türkiyə dünyada 4-cü sırada yer alıb. Nəticədə dünya pomidor istehsalının 7%-i Türkiyənin payına düşüb. FAO-nun məlumatına görə, dünyada hər il təxminən 4 milyon 734 min hektar sahədən pomidor yığılır. Türkiyə 270 min hektar sahədə pomidar istehsal edir ki, bu nəticəyə görə qardaş ölkə dünyada 3-cü sırada yer alıb. Ölkəmizdə isə cəmi 28 min hektar sahədə pomidor əkilir. Burada diqqət çəkən məqamlardan biri pomidor istehsalındakı məhsuldarlıqla bağlıdır. Məsələn, ABŞ-da pomidar əkilən sahələr Türkiyə ilə müqayisədə təxminən 2 dəfə azdır. Lakin buna baxmayaraq ABŞ pomidor istehsalında Türkiyədən öndədir. Qeyd edək ki, dünyada orta məhsuldarlıq 1 hektara görə 33,6 tona bərabərdir. Türkiyədə isə bu göstərici 41 tondur. Lakin buna baxmayaraq Türkiyə məhsuldarlığa görə dünyada 48-ci yerdə qərarlaşıb. Ölkəmizdə isə vəziyyət daha acınacaqlıdır. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər hektardan orta hesabla 16,5 ton pomidor yığılır. Göründüyü kimi bu göstərici dünyadakı orta məhsuldarlıqdan təxminən 2 dəfə azdır.

DİGƏR XƏBƏRLƏR

Top