Gövhər Baxşəliyeva BƏYANAT YAYIB

"Hörmətli media nümayəndələri! Mən uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxs kimi bugünlərdə media vasitələrində mənim ümumiyyətlə söyləmədiyim ifadəni sensassiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılmasına qəti etirazımı bildirmək istəyirəm". Bu fikirlər akademik, Milli məclisin üzvü, AMEA Şərqşünaslıq İnstitutununu direktoru Gövhər Baxşəliyevanın adından "Yeniavaz.com" saytının emailinə göndərilən bəyanatda yer alıb.

"Haqqın.az saytının müxbiri telefon vasitəsilə mənə İraq Kürdüstanında referenduma dair suallar verib və mən imkanım daxilində onları cavablandırmışam. Həmin saytda 20 avqust tarixində yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini söyləməyim qeyd edilib və bu fikir yazının başlığına da çıxarılıb.

Bununla əlaqədar bildirirəm ki, mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bu, sadəcə sensassiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensassiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin həqiqətən deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. İkincisi də xəbərdə mənim söylədiklərimin əsasən vasitəsiz nitq formasında olduğu halda, başlığa çıxarılan fikrin nə üçün mətndə vasitəli nitq formasında təqdim olunması o yazıdan istifadə edənlərdə şübhə doğurmalı idi. Əgər fikir başlığa çıxarılıbsa, nə üçün bu qədər əhəmiyyətli hesab edilən fikir birbaşa müsahibin sözləri ilə deyil, jurnalistin guya mənim sözlərimi dolayısı ifadəsi ilə təqdim olunub? Bütün bunlar yalnız təəssüf doğurur.

Digər tərəfdən Azərbaycanla bağlı qeyd edilən həmin fikir dövlətçiliyimizə ziddir. Mən, tam məsuliyyəti ilə bəyan edirəm ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb da. Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər",-deyə Gövhər Baxşəliyeva bildirib.

DİGƏR XƏBƏRLƏR

Top