Psixoloji vəziyyəti gərgin olanlara DƏSTƏK XİDMƏTİ - Fəaliyyətə başladı

Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə "Krizis telefon xətti"nin işi bərpa edilib. Bu barədə "Yeniavaz.com" saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Artıq gənclər 012-510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər.

Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Qeyd etmək yerinə düşər ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər ki, onlar arasında da, gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər, məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s. buna şamil edilə bilər.

Məlumat üçün bildirək ki, "Gənclər üçün Krizis Xətti" layihəsi Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənib. Analoji beynəlxalq metodikalar əsasında təşkil edilən və on ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssislər işləyir.

Fəliyyət göstərdiyi vaxt ərzində xəttə 35 mindən artıq zəng daxil olub. "Krizis telefon xətti" 14-29 yaşda olan gənclər ücün nəzərdə tutulsa da, zəng edənlər arasında digər yaş qrupunun da nümayəndələri vardır. Krizis xidmətinə müraciət edənlər sırasında ən gənc istifadəçinin yaşı 7, ən yuxarı yaş həddində olanın isə 60 qeyd edilir.

"Krizis telefon xətti" Bakı şəhərinin əhalisi ücün nəzərdə tutulmasına baxmayaraq, xidmətə Azərbaycanın rayonlarından da çox sayda zənglər daxil olur.

Qeyd edək ki, xidmət pulsuz və anonimdir. Bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış "Krizis vəziyyətlərin kodifikatoru"nda əks etdirilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırır və təhlil olunur.

Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə peşəkar mütəxəssislər tərəfindən 6 günlük əlavə xüsusi treninq də keçilib. Gənclər üçün Krizis Xəttinə müraciət üçün (012) 5106636 şəhər telefon nömrəsini yığmaq kifayətdir.

DİGƏR XƏBƏRLƏR

Top