Qaz pulunu vaxtlı-vaxtında ödəyən ailəyə 358 MANAT BORC GƏLİB

Bakının Yasamal rayonunda yaşayan ailə çətin vəziyyətlə üzləşib. "Yeniavaz.com"un xəbərinə görə, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynovun dediyinə görə, Yasamal rayonu, M.Fətəli küç, 79/81-də yaşayan Quliyeva Gülnarə Əvəz qızı problemlə bağlı AİB-ə müraciət edib.

G. Quliyeva müraciətində yazır: "Qaz sayğacı mənzilimdən kənarda (küçədə) yerləşir. Mart ayının 7-si mən işdən evə qayıdarkən qonşum həmin sayğacın üzərindəki plombun qırıldığını gördüyünü mənə bildirdi. Mən dərhal 104 saylı qəza xidmətinə məlumat verdim və öz mobil nömrəmi bildirdim ki, mənimlə əlaqə saxlasınlar. Sonrakı günlərdə - 10.03.2017, 11.03.2017 və 13.03.2017-ci il tarixlərində də 104 və 185 qəza xidmətlərinə zəng etməyimə baxmayaraq, bu nasazlığı, plombun bərpa olunması təmin edilmədi. Belə olan halda mən 15.03.2017-ci il tarixində "Azəriqaz" İstehsalat Birliyinin sayğaclara nəzarət departamentinə getdim və onlara ərizə ilə müraciət etdim. Yalnız mənim ora müraciətimdən sonra 29.03.2017-ci il tarixində həmin departamentdən gələrək sayğacı dəyişdirdilər, köhnə sayğacı apardılar və bu barədə mənə akt təqdim etdilər. Mən onlara bildirdim ki, rəhbərliyə çatdırsınlar ki, sayğac mənim iştirakım olmadan laborator müayinədən keçirilməsin. Bundan sonra 01.04.2017-ci ildə mən yenidən həmin idarəyə gedərək bildirdim ki, köhnə sayğacın laborator yoxlanışı mənim iştirakımla həyata keçirilsin və onlara öz əlaqə nömrələrimi verdim. Çünki mətbuat səhifələrindən, internet resurslarından aldığım məlumatlara əsasən bilirdim ki, "Azəriqaz" sayğacların yoxlanması prosesində insanları aldadaraq onlara yalandan borclarının olması haqqında cərimələr yazır. Mənim xahişimə baxmayaraq, bununla əlaqədar mənə heç bir telefon zəngi və müraciət olmadı.

17.08.2017-ci il tarixində qaz nəzarətçisi mənə "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Satış Departamenti tərəfindən xəbərdarlıq məktubu təqdim etdi. Bu sənədə əsasən mənə 353,8 manat borc yazılıb, borcun səbəbi göstərilməyib. Mən qaz pulunu daim vaxtlı-vaxtında ödəmişəm. Nəzarətçinin dediyinə görə, bu borc köhnə sayğacın müayinəsinin nəticəsinə əsasən yazılıb. Bildiyiniz kimi, mənim yaşadığım ərazi söküntü zonasıdır və artıq 2 ildir ki, qışda bizim ərazidə qaz demək olar ki, olmur.

Hörmətli Eyyub müəllim, məntiq haradadır ki, mənzildən kənarda yerləşən sayğacın plombunu ev sahibi qırsın, sayğac işləsin və özü də cərimə vermək üçün bu əməli törətsin. Plombu qırmaq kimə sərfəlidirsə, o sındırır. Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, haqsız yazılmış 353,8 man. borc pozulsun və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin".

DİGƏR XƏBƏRLƏR

Top