Ekspert:"Öz avtomobilini satan sürücüyə cərimə tətbiq edilə bilməz!"

Öz avtomobilini satan sürücüyə cərimə tətbiq edilə bilməz. "Yeniavaz.com" xəbər verir ki, bu sözləri ekspert Ərşad Hüseynov deyib. "Bu gün belə bir məlumat yayılıb ki, avtomobillər üzərində "Satılır" sözü yazanlar nəqliyyat vasitəsində qanunsuz reklam yaymaya görə cərimələnəcəklər. Amma bu heç də həmişə belə ola bilməz. "Reklam haqqında" qanun fərq qoymadan "reklam" ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır. Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmamalıdır. Əgər kimsə peşəkar olaraq avtomobil al-veri ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır. Bununla belə, sürücüləri diqqətli olmağa çağırıram. Çünki DYP bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib. Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz!".

Qeyd edək ki, yeni qanunvericiliyə görə "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top