"Onlar da əsəb gərginliyi keçirsinlər"

"Ermənistanla informasiya müharibəsində müstəqil rusdilli "Zerkalo" qəzeti bizə nə qədər lazım idisə, müstəqil "Turan" agentliyi də bir o qədər vacibdir. Çünki beynəlxalq aləm müstəqil mətbuatın və müstəqil agentliyin yazdığına baxar və ona görə mövcud duruma qiymət verər". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Zerkalo" qəzeti bağlandı, indi də "Turan" bu aqibətə yaxındır. Halbuki, fəaliyyətini dayandırmaq təhlükəsi yaşayan "Turan" elə bu gün də ermənilərə qarşı informasiya savaşında mübarizəsini davam etdirir.

"Turan" agentliyinin xəbərlərini kimsə oxumur və bu agentlik populyarlığını itirib" deyənlərə cavabım: "Turan" agentliyinin daxildə abunəçiləri azalsa da, xəbərlərini xaricdə oxuyurlar və reaksiya verirlər, elə bugünkü yazısını da oxuduqlarına və buna görə ermənilərin baş qərargah rəisimiz Nəcməddin Sadıxova məxsus imzalı sənədin saxtalaşdırıldığını anladıqlarına əminəm. "Zerkalo" və "Turan" kimi media qurumlarının qapadılması erməni separatçıları ilə informasiya savaşında əlimizi zəiflədir. Təəssüf",-deyə politoloq bildirib.

Ekspert sosial şəbəkədəki səhifəsində son vaxtlar Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində son günlərdəki 5 təxribatını sadalayıb:

1. İsrailin məşhur "Haarets" qəzetinin saytında prezident İlham Əliyev və onun ailəsinin əleyhinə yazı yayınlandı (yazı və sayt saxta çıxdı);

2. Yenə həmin "Haarets" qəzetində yayınlanan növbəti məqalədə Azərbaycan Müdafiə Nazirliyinin İsrailin silah satan şirkətini satdığı silahları erməni separatçılarına qarşı istifadəyə məcbur edilməsinə dair yazı yayınlandı (yazıdakı faktlar elə İsrail tərəfindən təkzib edildi);

3. Azərbaycan və Ermənistan prezidentləri guya sentyabr ayında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər (Azərbaycan prezidenti bu sessiyada iştirak etməyəcək, bu xəbərin yayılmasının məqsədi budur - guya rəsmi Bakı danışıqlardan yayınır);

4. Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadıxovun imzasyla aprel savaşında həlak olan döyüşçülərimizin dəfələrlə şişirdilmiş sayını göstərən sənədi yaydılar (sənədin saxta olduğu orfoqrafik səhvlərdən bəlli olur, ancaq bunu biz bilirik, xəbərin yayıldığı başqa ölkələrin informasiya məkanlarında isə imzanın saxtalaşdırılmasından bixəbərdirlər);

5 Ermənistanın baş naziri Karen Karapetyan işğal altındakı Kəlbəcərdə mineral su istehsal edən zavodun açılışında iştirak etdi (həmin zavodun məhz Kəlbəcərdə açıldığı qeyri-müəyyən qaldı, hər halda əsəblərimizi gərən xəbərdir).

Bu kütləvi dezinformasiya hücumunun qarşısını necə aldıq? Və ya bunun qarşılığında biz Ermənistanın informasiya məkanına hansı xəbəri ötürdük ki, onlar da əsəb gərginliyi keçirsinlər. Bilən var?".

DİGƏR XƏBƏRLƏR

Top