Əkrəm Əylisli sükutu pozdu: "Kitab buraxdırmaq planım var"

Xeyli vaxtdır mətbuatda yazılarına rast gəlinmir, müsahibələr də vermir. Bunun iki səbəb ola bilər - ya jurnalistlər onunla əlaqə saxlamırlar, ya da özü istəmir. Elə biz də zəng vurub suallarımıza cavab istəyəndə əvvəl danışmaq istəmədi. "Məqsədimiz qalmaqal axtarmaq deyil" dedikdən sonra cavabı "nə suallarınız var, buyurun" oldu. Əkrəm Əylislinin "Yeniavaz.com" saytının suallarına cavabını təqdim edirik.

- Əkrəm müəllim, işləriniz necə gedir?

- İşləyirəm özüm üçün yavaş-yavaş. Yazılar yazıram. Mən gündəmdə qalmaq istəyən adam deyiləm. Əlimdə bir yazı var, hazırda onunla məşğulam.

- Köhnə dostlarınızdan, tanışlarınızdan sizi axtarıb-arayan varmı?

- Yay vaxtı yəqin ki, hər kəsin başı qarışıqdır, kimisi haradasa istirahətdədir. Elə bir əlaqəm yoxdur, sakitlikdir.

- Ötən il xarici ölkələrdən birinə getmək istəmişdiniz, amma alınmamışdı. Ondan sonra hansısa xarici ölkəyə getmisinizmi və ya buna cəhd etmisinizmi?

- Yox, getməmişəm. Hər halda elə bir planım olmayıb. Getmək fikrim olmayıb.

- Bu yay harasa istirahətə getmisinizmi? Ən azından öz doğma kəndinizə getdinizmi?

- İstirahətimi elə Bakıda keçirmişəm. Kəndə getməmişəm, bu il Bakıda olmuşam.

- Yaradıcılığınızla bağlı nə yenilik var?

- Təzə bir əsər üzərində işləyirəm. Yazdığım bu əsər də kənd mövzusundadır. İnsan yaşlandıqca, ürək ora çəkir. Yaşlandıqca ora, insanlara, uşaqlıqda gördüyün həyata daha çox yaxınlaşmaq istəyirsən. Harada uşaqlığın keçibsə, ora insan üçün vətəndir.

- Əkrəm müəllim, gününüzü necə keçirirsiniz?

- Yazı-pozu ilə, oxumaqla. Həmişə necə olubsa, indi də elə.

- Bu sualı sözgəlişi vermədim, ölkə gündəmi ilə maraqlanırsınızmı, xəbərləri oxuyursunuzmu?

- Oxuyuram, tanış oluram, xüsusən, informasiya proqramlarını izləyirəm. Saytlarda ədəbiyyatla bağlı yazılara baxıram. Hamısını deyə bilmərəm, ancaq üzdə olan saytlardakı materialları oxuyuram.

Yeri gəlmişkən deyim ki, məni saytlarda dillə bağlı məsələlər narahat eləyir. Məsələn, bu gün saytlara baxmışam - yazırlar ki, it filankəsi dişlədi. Rus dilindən tərcümə eləyib niyə belə yazırlar? İt dişlədi söhbəti yoxdur, Azərbaycan dilində it tutdu deyərlər. İt tutdu deyirik, it dişlədi nədir? Görürsən yazırlar ki, filan qadın evləndi. Bilirsiniz, bu artıq dili pozur. Qadın evlənmir axı, qadın ərə gedir. Kişi evlənir, qadın ərə gedir. Adamın rəhmi gəlir dilimizə. Dili bu günə qoymaq olmaz. İndi saytlar tələm-tələsik yazırlar. Bizim vaxtımızda bir material neçə dəfə işlənirdi, korrektor oxuyurdu, redaktor oxuyurdu, bu qədər də səhvlər olmurdu. O vaxt elə şeyləri yazmaq olmazdı ki, it adamı dişlədi. Yəqin bu da bir prosesdir gedir, tədricən saytlar da püxtələşəcək, onlar hələ yenidirlər. Hər halda çox uzun ömürləri yoxdur saytların.

- Bir vaxtlar saytlar sizin haqqınızda çox yazırdılar. İndi maraqlanırlarmı?

- Mən özüm çox maraqlanmıram. Çünki gündəmdə qalmaq həvəsində olan adam deyiləm. Yazımı bir adam oxuyursa, mənim üçün mənim adamım olaraq qalır. Yeni dostlar axtarmağa ehtiyacım da yoxdur. Mənim yazılarımı kimlər oxuyublarsa, onlar yenə də oxuyacaqlar.

- Televiziyalarımıza necə, baxırsınızmı?

- Bəzi kanallara baxıram, bəzilərinə isə yox. Əsasən xəbərlərə, təbiətlə, ədəbiyyatla bağlı verilişlərə baxıram.

- Əkrəm müəllim, yeni kitab çap etdirmək barədə düşünürsünüzmü?

- Təzə yazılarımdan bir neçəsini toplayıb kitab buraxdırmaq planım var. İndi yazmaqda olduğum əsəri də qurtarsam, kitab çap etdirə bilərəm. Bu əsər də uşaqlıq xatirələrimlə bağlıdır. Uşaqlıq dövrünü əhatə eləyir. Xatirə əsəridir. Sağlıq olsun...

- Son dövrlər ədəbi mövzularda tədbirlərdə iştirak edirsinizmi? Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə maraqlanırsınızmı?

- Mən oranın üzvü deyiləm axı, özü də çoxdan. Mən sonuncu dəfə Azərbaycan Yazıçılar Birliyinə 1991-ci ildə getmişəm. Ondan sonra münasibətlərim olmayıb ora ilə. Mənə görə o təşkilat təzələnməli idi, dəyişməli idi, ancaq dəyişmədi, köhnə vücudunda qaldı. Həmin köhnə vücud isə mənim xoşuma gəlmədi.

- Bəs digər ədəbi tədbirlərə dəvət gəlirmi?

- Yox, tədbirlərə çox dəvət almıram. Dəvət olunmadığım yerə getmirəm. Gənclər kitab təqdimatı, imza günü keçirəndə, dəvət eləyəndə hərdən gedirəm...

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top