Anar Nağılbaz: "Vaxtında toylara getmədiyimə görə indi peşman olmuşam" - MÜSAHİBƏ

Repdən söz düşəndə hər kəsin yadına düşən isimlərdən biri də Anar Nağılbazdır. Bir vaxtlar televiziyaların gündəmidən düşməyən repçilərə indi efirdə az-az rast gəlinir. Bəlkə Hüseyn Dəryanın qəfil vəfatı da bu sahəyə öz təsirini göstərdi. Anar Nağılbaz "Yeniavaz.com" saytının suallarına cavabında bu və digər məqamlara aydınlıq gətirdi.

- Anar bəy, 2000-ci illərin əvvəllərində reperlərin, rep qruplarının sayı o qədər çox idi ki, adam bilmirdi hansına qulaq assın, hansına pərəstiş eləsin. İndi o qrupların əksəriyyəti ya dağılıb, ya aktiv fəaliyyət göstərmir deyə diqqəti çəkmir...

- Azərbaycanda repin ondan da populyar dövrü olub - 90-cı illərin əvvəllərində. 95-96-cı ilə qədər olan dövrü birinci dalğa adlandırırlar. Birinci dalğada olan repçilər daha fəal, daha güclü idilər. O vaxt hər məhlədə gənc uşaqlar tapardın ki, ən azından rəqs edirdilər, rəqs qrupları var idi, rep oxuyurdular.

O vaxt təkcə elə mən bir dəfə 4 saatlıq sırf rep konsert təşkil elədim. 4 saatı 3 dəqiqəyə bölün və görün orada nə qədər qruplar çıxış eləmişdi. Həmin konsertdə çıxış edənlərin hamısı repə bağlı idi. 70-dən artıq qrup həmin konsertdə çıxış elədi. Mən hələ sizə təkcə qruplardan danışıram. Hər qrupda 4, 5, 6, 8, 10 nəfər uşaq olurdu. Görün bu nə demək idi? Bir konsertdə tamaşaçı sayından çox reper çıxış edirdi. Arxa foye dolu olurdu, basabasla dayanırdılar və gözləyirdilər öz çıxışlarını.

- Bəs sonra sizə nə mane oldu?

- Bazar iqtisadiyyatı və mədəniyyətin gənclər üzərində düzgün formalaşmaması. Bizim məşğul olduğumuz janrla bağlı olmadığı üçün. Əksinə, həmin iş məhdudlaşdırıldığı üçün. 2000-ci ildə ikinci dalğa gəlmişdi. Həmin dalğanı da biz özümüz gətirmişdik. Bir prodakşın var idi, Qafqazın ən böyük prodakşını idi. İkinci dalğada reperlər klublarda çıxış etməyə başladılar. Klublarda çıxışları da biz dəbə saldıq. Çünki mən repin sırf klublarda olmasını istəyirdim.

- Toylara gedirdinizmi?

- Toylara dəvət alan tanınmış repçilərimiz var idi, ancaq istəmirdilər. Ancaq indi bunun acı nəticəsini görürəm. Çünki o toylara çıxmış olsaydıq, ən azından indi özünü tutmuş o biri müğənnilərimiz qədər var idik. Bir toyda 2-3 mahnıya 500 dollar təklif edənlər var idi. Və belə toylara demək olar ki, hər gün dəvət gəlirdi.

- Niyə getmək istəmirdilər toya?

- Mən özüm buna etiraz edirdim və deyirdim ki, rep toyda olmaz. Ancaq bu gün özüm buna təəssüf edirəm. Bizdə artıq sistemi o cür formalaşdırıblar ki, mədəniyyət toydan, bir də klassikadan kənara çıxa bilməyəcək. Müasir musiqilərin inkişafı üçün bizdə heç bir zəmin yoxdur. Sırf "Avroviziya" ilə müasir musiqimiz var demək olmaz. Musiqi bir mədəniyyət növü olaraq mədəni tərbiyədir, mədəni bir izdir. Hər şey gənclərlə işdən başlamalıdır. Hansı klublarımızda, hansı mədəniyyət saraylarımızda müasir musiqi cərəyanları var? Yoxdur, heç birində yoxdur.

- Hazırda işləyirsinizmi?

- 2013-cü ilin sentyabr ayından işdən çıxmışam. Hazırda işsizəm.

- Bəs toylara dəvət olurmu indi?

- Dost-qardaş toylarına dəvət olur. Yəni biz qaz vurub, qazan dolduranlardan deyilik. Elə olur ki, görürsən kiminsə ürəyi istəyir, repi sevir, dəvət edir və normal da ödəniş edir, qonorar verir. Hər müğənninin, ifaçının daha çox parlayan dövrləri, daha çox aktual olan dövrləri olur. Həmin vaxt elə bil ki, ağacı silkələyib, öz bəhrəni yığmalısan. Biz o ağacı silkələmədik, biz o ağaca əl vurmadıq, sırf öz ağacımızı əkdik. Ona görə nəticəsi də belə oldu.

- Anar bəy, Hüseyn Dəryanın yoxluğunu hiss edirsinizmi peşəkar repçi olaraq?

- Şübhəsiz. Hüseyn Dərya bir az çılğın, lakin çox istedadlı insan idi. Onun öz yolu, öz dəsti-xətti var idi. Əslində həm yol, cığır qoyub getdi, həm də öz heyranlarını, sevənlərini bir araya gətirə bildi. Bu gün də onun yoxluğuna inanmaq istəməyənlər çoxdur, onlardan biri də mənəm. Çox gənc yaşda dünyadan getdi - həm bir həmkar olaraq, həm də bir insan olaraq.

- İnsanlarımızda belə bir təəssürat var ki, repçilər və meyxanaçılar narkomaniyaya meyilli olurlar. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Narkomanın dəxli yoxdur hansı sənətdədir, hansı sahədədir, nə işlə məşğuldur. Sırf repçilərdən, meyxanaçılardan danışırıqsa, bu sənətlə məşğul olanların sayı elə də çox deyil. Deyək ki, hər biri ilə 2000 nəfər məşğul olar, ya olmaz. Amma sən 2000 min adamı 2 nəfərin hansısa işinə görə qiymətləndirə bilməzsən. Belə bir fikir daha çox jurnalistlərin təşəbbüsü sayəsində formalaşıb. Özü də televiziya jurnalistlərinin. Bu da mən indi belə başa düşürəm ki, sifarişli işlər idi. Yəni sırf bu janrları ləkələmək üçün. Desinlər ki, küçə mədəniyyətidir, küçə adamısınız, küçə uşağısınız. Amma demirlər ki, bizim folklorumuzdan tutmuş, indi dünyada tüğyan eləyən caza qədər bütün sənətlər belə deyək, həmin insanların uydurduqları, boşluq zəminində fikirləşdikləridir. Belə janrlar çoxdur, bütün millətlərdə var. Bu mənada meyxanaçılar, repçilər hamısı narkotikə qurşanırlar demək olmaz. 2000 adamı 2 nəfərə görə ləkələmək, fikir formalaşdırmaq düzgün deyil.

- Mətbuatda tənqidi fikirlərinizi rahatlıqla bildirənlərdənsiniz. Bu sizin təbiətinizdən irəli gəlir, yoxsa repçilər hamısı belə olmalıdır?

- Nə təbiətimdən irəli gəlir, nə də başqa bir şey. Bu, seçdiyimiz sənətdən irəli gəlir. Deyir "çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu". İndi biz də hansı sənətin qulpundan yapışmışıqsa... Həm bir tikə çörəkpulumuz oradan çıxır, həm də hobbimiz, həyatımız onun üzərində qurulub...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top