İnsanlıq və humanistlik mücəssəməsi

Həmişəyaşar əsərləri ilə dünya mədəniyyətinə tükənməz xəzinə bəxş etmiş cahanşümul dahimiz Üzeyir bəy Hacıbəyli həm də qeyri-adi xeyirxahlığı və humanistliyi ilə ölməzlik qazanmış, qəlblərdə özünə əbədi abidə ucaltmışdır. Üzeyir bəyin sənəti və sənətkarlığı bütünlüklə tədqiq olunmasa da, onun haqqında çox yazılmışdır. Ü. Hacıbəyli o dahilərdəndir ki, barəsində dünya durduqca yazılacaq və danışılacaqdır. Nə qədər ki, bəşəriyyət mövcuddur, Üzeyir bəy də, onun bitib-tükənməyən irsi də var olacaqdır.

Bu yazıda dahi bəstəkarın xalqımıza çox da bəlli olmayan insani cəhətləri və humanistliyi barədə söz açacağıq.

Bəşər tarixində nadir insanlara müyəssər olan bir xüsusiyyət vardı Üzeyir bəydə. Yəni dahi sənətkarın yaradıcılıq qabiliyyəti ilə insani keyfiyyətləri həmahənglik təşkil edirdi. Biri digərini tamamlayırdı. Ü. Hacıbəyli yaradıcılıqda böyük qüdrət sahibi olduğu kimi, bir insan olaraq da qeyri-adi cəhətlərə malik idi. Üzeyir bəyi yaxından tanıyan, onunla uzun illər çalışan böyük sənətkarın şəxsi katibi olmuş baldızı oğlu, Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı, "Şöhrət" ordenli professor Ramazan Xəlilov deyirdi ki, Üzeyir bəylə təmasda olarkən mən onda dərin insaniyyətlik kəşf etmişəm. Üzeyir bəyi xeyirxahlığın və humanistliyin dahi müəllimi adlandırardım. R. Xəlilov söhbətlərində dönə-dönə vurğulayardı: "Tale mənə elə bir ömür bəxş edib ki, həyatım boyu çox insanlarla ünsiyyətdə olmuşam. Jurnalist olaraq mən akademik Pavlovdan tutmuş Əfqanıstanın şahı Əmənulla şahla görüşmüşəm. Amma Üzeyir bəy kimi ikinci bir insan heç vaxt qarşıma çıxmayıb. Üzeyir bəy Hacıbəyli kimisi yoxdur. O, yeganə idi".

Biologiya elmləri namizədi Məmməd Abbasov isə özünün Üzeyir bəyə həsr etdiyi "Böyük insan" adlı xatirəsində belə yazırdı: "Yaxşı yadımdadır, 1943-cü ilin yanvar ayında hərbi hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə gedirdim. Yolum Tbilisi şəhərindən keçirdi. Burada bir gün qalası oldum. Vaxtdan istifadə edib Tbilisidə hərbi hospitalda yatan uşaqlıq dostum, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrolun yanına getdim. Onunla bir saatadək söhbət etdik... Əsasən Ərtoğrol danışırdı. Deyirdi ki, Üzeyir bəy peyğəmbərdir. Onun kimi insan az-az tapılar. Atam tutulandan sonra dostlarının, qohumlarının çoxu bizdən üz döndərdi. Bizə himayə duran, köməklik göstərən yalnız Üzeyir bəy Hacıbəyli oldu. O, heç nədən çəkinmədən, qorxmadan həmişə ailəmizə maddi və mənəvi yardım göstərirdi."

"... səni bir də əl açan görməyim"

Üzeyir bəyi tanıyanların, onunla ünsiyyətdə olanların hamısı öz xatirələrində dahi sənətkarın insanpərvərliyindən söhbət açırlar. Tələbələri, dostları, tanışları, müəllimləri, hətta tanımadığı adamlar belə Üzeyir bəyin onlara göstərdiyi qayğıdan, yaxşılıqlardan, ehtiyacı olanlara şəxsi pulundan verdiyi təqaüddən danışırlar. Vaxtilə doğma Şuşa şəhərində Üzeyir bəy Hacıbəyliyə dərs demiş Mirzə Mehdi Həsənzadəyə, xanəndə İslam Abdullayevə, Keçəçi oğlu Məhəmmədə, tələbələrinə və başqalarına şəxsi pulundan kəsdiyi təqaüd, etdiyi yardımlar indi də o insanların özləri və yaxınları tərəfindən unudulmur. Deyirlər ki, bir gün Üzeyir bəy konservatoriyadan evə gələrkən. Yolda əl açıb dilənən bir qadına rast gəlir. O, qadına yaxınlaşaraq, onun bu dilənməklə əldə etdiyi qazancla maraqlanır. Qadın ayda 150 manat qazandığını və ailəsini dolandığını söyləyir. Azərbaycan xanımının dilənməklə pul qazanmasından narahat olan Üzeyir bəy ona deyir ki, türk qadınına yaraşmaz ki, yolda otursun, əl açaraq pul qazansın. Mən sənə ayda 300 manat təqaüd verəcəm, bir şərtlə ki, səni bir də əl açan görməyim. Üzeyir bəy qadını evlərinə gətirir, həyat yoldaşı Məleykə xanımla tanış edir. Ona söyləyir ki, hər ay bu evə gələrsən və Məleykə xanımdan təqaüdünü alarsan.

Buna bənzər hadisələr Üzeyir bəyin həyatında çox olub. Sözün əsl mənasında bu böyük insan dünyaya sanki yaxşılıq, xeyirxahlıq etmək üçün gəlmişdi. Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin direktoru, mərhum Ramazan Xəlilov mənə danışırdı ki, bir gün artırmada dayanıb muzey tərəfə baxırdım. Gördüm ki, yaşlı bir kişi muzeyin divarını öpür. Cəld onun yanına gedərək bunun səbəbini soruşdum. O, ahıl insan mənə dedi ki: "Bu ev pirdir. Burada peyğəmbər kimi insan yaşayıb. Mən onun pulu ilə böyümüşəm. Bura mənim üçün müqəddəs bir ocaqdır."

Muzey kimi fəaliyyət göstərən Üzeyir bəy Hacıbəylinin evinin qarşısında böyük sənətkarın sağlığında uşaq evi fəaliyyət göstərib. Üzeyir bəy bütün bayramlarda, xüsusilə də özünün çox sevdiyi Novruz bayramında uşaqlara çoxlu hədiyyələr, pal-paltar, oyuncaqlar, ərzaq, şirniyyat göndərərdi. Bundan əlavə də həmin evin müdirinə pul verərdi ki, uşaqlar üçün bayram plovu bişirilsin. Valideyn himayəsindən məhrum olmuş bu uşaqlar da Üzeyir bəyə xüsusi hörmət və ehtiram bəsləyərdilər. Üzeyir bəy evdə olanda uşaqların otaqlarında xüsusi sakitlik hökm sürərdi. Üzeyir bəy işdə olanda isə uşaqların səs-küyündən qulaq tutulardı.

Üzeyir bəy və İslam Səfərli

Elə adam tapılmazdı ki, Üzeyir bəyə müraciət etsin və onun xahişi cavabsız qalsın. O, saysız-hesabsız insanlara əl tutmuş, onların ehtiyacını ödəmişdir. Bəzilərinə pulla köməklik etmiş, bəzilərinə musiqi aləti alıb bağışlamış, bəzilərini işlə təmin etmiş, bəzilərinə geyim vermiş, bəzilərinin təhsil almasına yardım göstərmişdir.

Belə insanlardan biri də sevimli xalq şairimiz İslam Səfərli idi. 1946-cı ildə Üzeyir bəy Hacıbəyli Naxçıvana seçiciləri ilə görüşə gedərkən onunla tanış olmuşdur. Məlumdur ki, Ü. Hacıbəyli ilk çağırışdan ömrünün sonuna qədər SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. Hər iki çağırışda (1937, 1946-cı illər) böyük sənətkar Naxçıvan Muxtar Respublikasının zəhmətkeşləri tərəfindən deputat seçilmişdir.

Üzeyir bəy Naxçıvanda olanda "Qonaq evi"nə əsgər paltarında cavan bir oğlan gəlir. Böyük Vətən müharibəsindən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, yazdığı şeirləri Üzeyir bəyə göstərir. Sərraf söz ustası olan böyük sənətkar şeirləri oxuyur və bəyənir. Gənc oğlana Bakıya gəlməyi tövsiyə edir. Bildirir ki, o, mütləq ali təhsilə yiyələnməlidir. İ. Səfərli Bakıya getmək üçün maddi durumunun olmadığını söyləyir. Bunu eşidən Üzeyir bəy gənc oğlana zərfin içində pul verərək, onu Bakıda gözləyəcəyini deyir.

İslam Səfərli Bakıya gəlir. Birbaşa Üzeyir bəy Hacıbəylinin yanına gedir. Üzeyir bəy onu görüb çox sevinir və elə İ. Səfərlinin yanında Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə telefon açaraq bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının vaxtından çox keçməsinə baxmayaraq, A. Qarayev Üzeyir bəy Hacıbəylinin sözünü yerə salmır. Deyir ki, Üzeyir bəy, gözüm üstə, sizin sözünüz bizim üçün qanundur, göndərin gəlsin. Beləliklə, İslam Səfərli universitetə imtahansız qəbul olunur. Təqaüdünü isə hər ay Üzeyir bəy verir. Görkəmli şair bu yaxşılığı ömrünün sonuna qədər unutmur. Yeri gəldikcə bu barədə həvəslə söz açardı.

Əliağa Vahidə ev verilməsinə nail oldu

Qəzəlxan şairimiz Əliağa Vahidə ev verdirən də bu dahi insan olmuşdur. Ramazan Xəlilov danışırdı ki, bir gün Üzeyir bəylə birgə köhnə məhəllələrin birindən keçərək evə gedirdik. Bir də gördük ki, Əliağa Vahid kiçik bir daxmanın yanında küçədə oturub. Ona yaxınlaşdıq. Üzeyir bəyi görən kimi şair cəld ayağa qalxdı. Üzeyir bəy Hacıbəyli soruşdu ki, Vahid burada nə edirsən, niyə burda oturmusan? Vahid zirzəmini göstərərək dedi ki, Üzeyir bəy, mən burada yaşayıram. İçəri çox isti və rütubətlidir. Nəfəs almaq olmur. Ona görə də çıxıb havada otururam. Üzeyir bəy evə gələn kimi dərhal lazımi yerlərə zəng etdi. Əliağa Vahidin ev şəraitinin ağır olduğunu söylədi və şairə yeni tikililərdə ev verilməsinə nail oldu.

"Ayaqqabısını çıxarıb ona verdi"

İnsanlığın mücəssəməsi olan Üzeyir bəy Hacıbəylinin elə bir tələbəsi tapılmaz ki, onun yaxşılığından bəhrələnməmiş olsun. Böyük bəstəkarımız Fikrət Əmirov yazırdı ki, Üzeyir bəydə Antey qüdrəti vardı. Biz hamımız bu dahi insanın "şinel"indən çıxmışıq. Üzeyir bəy Hacıbəylinin tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Məmməd Cavadov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökümə Nəcəfova və başqaları Üzeyir bəyin onlara göstərdiyi atalıq qayğısından, xeyirxahlığından dönə-dönə söz açırdılar və hər dəfə də kövrəlirdilər.

Üzeyir bəy Hacıbəyli elə insan idi ki, tələbələrinə maddi və mənəvi dəstək göstərməklə yanaşı, əyninin paltosunu, ayağının ayaqqabısını da çıxarıb onlara verərdi. Məmməd Cavadov xatirələrində yazırdı ki, Üzeyir bəy Hacıbəyli qeyri-adi insan, qayğıkeş, əvəzsiz müəllim idi. Bir gün Aydın adlı bir tələbə yoldaşımızın ayaqqabısının nimdaş olduğunu görən böyük ustadımız ayağının ayaqqabısını çıxarıb ona verdi. Özü isə evə zəng çalaraq, ayaqqabı göndərilməsini xahiş etdi.

Qəribədir ki, Üzeyir bəy gördüyü qənirsiz quruculuq , yaradıcılıq və ictimai işlərlə yanaşı xeyirxahlığa, xeyriyyəçiliyə də vaxt tapırdı. O, öz əsərləri hesabına əldə etdiyi qonorarın bir hissəsini uşaq bağçalarına, İkinci dünya müharibəsində cəbhəyə, əsgərlərə yardıma, ictimai fondlara sərf edirdi.

"Üzeyir bəyə deyin mənə həkim də yollasın"

Üzeyir bəy heç nəyi və heç kimi yaddan çıxarmır, nəzərindən qaçırmırdı. Məmməd Cavadovun xatirələrində oxuyuruq: "1943-cü ilin 15 martı idi. Üzeyir bəy Hacıbəyli bir neçə tələbəni yanına çağırıb dedi:

- Uşaqlar, eşitdiyimə görə Azərbaycanın qocaman xanəndəsi Keçəçi Məhəmməd xəstələnib. Gedin onu yoluxun və mənə bir xəbər gətirin. Xəstəyə mer-meyvə almaq üçün cibindən pul da çıxarıb bizə verdi. Biz götürmək istəmədik. Ay müəllim, bizdə pul var - dedik. Bizim bu sözümüzdən qeyzlənən Üzeyir bəy dedi: - Siz tələbəsiniz, pulunuzu özünüzə xərcləyin."

Böyük xanəndəmiz doğrudan da xəstə idi. O, zəif səslə dedi: "Sağ olsun Üzeyir bəy, məni yada salıb, sizi göndərib. Lakin vəziyyətim ağırdır. Əgər mümkündürsə, Üzeyir bəyə deyin mənə həkim də yollasın". Biz bu xəbəri müəllimimizə çatdıran kimi Üzeyir bəy dərhal Keçəçi Məhəmməd üçün həkim də göndərdi."

2005-ci ilin yayında 89 yaşında dünyasını dəyişmiş gözəl qadın bəstəkarımız, əməkdar incəsənət xadimi Ədilə xanım Hüseynzadə ömrünün son günlərinə qədər Üzeyir bəyin xeyirxahlığından, insanpərvərliyindən, səxavətindən yorulmadan danışar, kövrələr və ustadını peyğəmbər adlandırardı. Ədilə xanım onu da xatırlayardı ki, 1936-cı ilin yayında Üzeyir bəy Hacıbəyli özünün şah əsəri olan "Koroğlu" operası üzərində işləyərkən Ədilə xanımgilin Şüvəlandakı ata bağında ailəsi ilə bərabər istirahət etmişdi. Hətta həmin ildə Şüvəlan bağlarına ilk elektrik xəttini də Üzeyir bəy Hacıbəyli çəkdirmişdi.

Dahi sənətkarla bağlı maraqlı xatirələri olan böyük yazıçımız Mirzə İbrahimov bu əvəzsiz insan barədə belə yazırdı:

" ...Sonralar bir sahədə, bir yerdə onunla işlədiyimiz, vacib məsələləri həll etdiyimiz zaman mən Üzeyir bəyin nə qədər alicənab, insanpərvər, mehriban, sadə təbiətli, müdrik, eyni zamanda inamından, idealından dönməyən bir adam olduğunu gördüm. Üzeyir bəy Hacıbəyli geniş ürəkli insan idi".

Azərbaycan Milli Elmlər Akademiyasında 1945-ci ildə Üzeyir bəy Hacıbəylinin yaratdığı və direktoru olduğu İncəsənət İnstitutunda Üzeyir bəy Hacıbəylinin müavini vəzifəsində çalışmış Qəzənfər Əlizadə öz xatirələrində yazırdı: "Üzeyir bəy özündən çox bizim qayğımıza qalırdı. Bilmirdik atadır, qardaşdır, qohumdur, tanışdır, dostdur, yoxsa idarə müdiri, rəhbər".

Yəni hər cəhətdən qüdrət sahibi olan bu ulu insan humanistliyin fenomeni idi. Yaxşılıq etmək, yardım göstərmək onun daxili tələbatıydı. Bunun üçün böyük ürək sahibi olmaq lazımdır. Ölçüyə sığmayan bu ürək də Üzeyir bəy də vardı...

Onlar dahi bəstəkarı əsəb sarsıntısı keçirməyə vadar etmişdilər

Deyilənə görə, Üzeyir bəy kin saxlamağı sevməzdi. Özünün etdiyi xeyirxahlığı isə tez unudardı. Həmişə də hamıya yaxşılıqda bulunmağı məsləhət görərdi. Pislik etmək çox asandır deyərdi. Çalışın sizə pislik edənə yaxşılıq əlinizi uzadın. Bunun özü də elə həmin adamçün bir cəza deməkdir. Məşhur bir atalar sözünü misal çəkərdi: "Yamanlığa yaxşılıq ər kişinin işidir, yaxşılığa yamanlıq xər kişinin işidir", - deyərdi. Üzeyir bəy ona pislik edənlərə həmişə yaxşılıq nümunəsi göstərərdi. Hətta böyük sənətkarın ölümünə səbəb olan şəkər xəstəliyinə tutulmasının səbəbkarlarına, torpağımızda yaşayaraq, çörəyimizdən və suyumuzdan bəhrələnərək bizə düşmən kəsilmiş ermənilərə də yeri gələndə Üzeyir bəy Hacıbəyli yaxşılıq edərdi. Çoxumuz bilmirik ki, bir zamanlar kitablarda, televiziya və radioda təriflənən Arminak Şuşinski, Semyon Qasparov, Vaqo Melkumyan və başqaları Üzeyir bəy Hacıbəylinin diabet xəstəliyinə tutulmasında əsas rol oynamışdılar. Onlar öz naqis əməlləri ilə dahi bəstəkarı əsəb sarsıntısı keçirməyə vadar etmişdilər. Vaxtilə müxtəlif dövlət vəzifələrində çalışmış Məmmədsadiq Allahverdiyev bu barədə maraqlı xatirələr yazmışdır...

"Üzeyir bəy elə sənətkardır ki..."

Üzeyir bəy Hacıbəylinin xeyirxahlıq etdiyi insanlardan biri də gözəl səsə malik Fatma Mehrəliyeva idi. Fatma xanım ömrünün sonuna kimi geniş qəlbli Üzeyir bəyin yaxşılıqlarını, ona göstərdiyi atalıq qayğısını unutmurdu. Hətta o, xeyirxahı olan bu ulu insana şeirlər də həsr etmişdi:

O, mənə ata tək olmuşdu həmdəm,

O, gözəl insanı unutmaram mən.

Başqa cür yaratmışdı təbiət onu,

Şanlı vətənimin şanlı oğlunu.

Üzeyir bəy Hacıbəyli tayı-bərabəri olmayan əsl vətəndaş idi. Akademik Mustafa Topçubaşov xatirələrində yazırdı: "Məncə, Üzeyir bəy əsrimizdə Azərbaycanın bir nömrəli vətəndaşı olub". Dahi sənətkara, böyük ürək sahibi olan Üzeyir bəy Hacıbəyliyə xalqımız arasında belə bir münasibət vardı.

Görkəmli şairimiz Rəsul Rza çox doğru deyirdi: "Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, O, hər hansı tərif pilləsindən yuxarıda duran bir simadır."

Uca Allahın insanlara göndərdiyi səmavi kitablardan sonuncusu olan "Qurani -Kərim "də Üzeyir adlı peyğəmbərdən danışılır. Tanınmış şair və tərcüməçi Vladimir Qafarov "Ulu ad" sərlövhəli yazısında dünya şöhrətli dahi sənətkarın Üzeyir adı ilə bağlı məqamlara toxunaraq belə yazırdı: "Bu adı daşıyan oğul hələ sağlığında əfsanələşdi, Azəri yurdundan uzaqlarda da tanındı. Bu fitri istedad çoxlarının xəyalında göylərdən zühur etmiş adi bəndələr içində peyda olmuş bir möcüzə kimi canlandı..."

Üzeyir bəy Hacıbəyli Allahın lütfü ilə Türk dünyasına, məxsusi olaraq Azərbaycana göndərilmiş ərmağandır. Üzeyir bəy elə bir şəxsiyyətdir ki, onun haqqında düşüncələr, fikirlər tükənmək bilmir. Hansı tərəfdən Üzeyir bəy Hacıbəyliyə yanaşırsansa, istər bəstəkar, istər pedaqoq, istər musiqişünas, istər publisist, istər dramaturq, istər ictimai xadim, istərsə də insan, vətəndaş kimi əvəzsizdir, təkrarolunmazdır. Deyirlər, dahilər yüz ildən bir dünyaya gəlir. Cəsarətlə deyə bilərik ki, Üzeyir bəy kimi dühalar heç min ildən bir də yaranmırlar. Doğrudan da, Üzeyir bəy Hacıbəyli Allahın Türk dünyasına bəxş etdiyi möcüzədir. Möcüzə sahibi olan müqəddəs insanlar isə dünyaya bir dəfə gəlirlər.

Səadət Qarabağlı, üzeyirbəyşünas

DİGƏR XƏBƏRLƏR

Top