Yaddaş kitabını vərəqləyərkən, yaxud "Pitsunda"da unudulmaz günlər

1973-cü ilin yayında, daha dəqiq desəm, iyul ayının 23-dən avqustun 15-ə qədər Gürcüstan Respublikasının Abxaziya vilayətinin Qaqra rayonunun Pitsunda qəsəbəsində kinematoqrafiya xadimləri və jurnalistlərin "Pitsunda" yaradıcılıq evində ailəmizlə istirahət edirdik. O zaman mən Musiqi Texnikumunun fortepiano fakültəsinə yenicə qəbul olunmuşdum. Anam SSRİ Jurnalistlər İttifaqının üzvü olduğu üçün həmin yaradıcılıq evinə putyovka almış və ailəliklə istirahətə getmişdik.

"Pitsunda" çox gözəl, füsunkar bir guşədə yerləşir. Bir tərəfi meşə ilə əhatə olunmuş, bir tərəfi isə Qara dənizdir. O Qara dəniz ki, onun digər sahilində bir zamanlar həsrəti ilə yaşadığımız Türkiyədir.

Qara dənizin sahilində ikən özümü xəyalən doğma Türkiyədə hiss edirdim. Saatlarla dənizə baxar və içimdə bir duyğu baş qaldırardı. Bu da Türkiyəyə, İstanbula qovuşmaq sevdası idi. Şükür ki, bir zamanlar əlçatmaz olan bu xəyallarımız nəhayət ki, gerçəkləşdi. Bizlər yenidən qardaş Türkiyəyə qovuşduq. Röyalarımızda gördüyümüz, uzun illər həsrətini çəkdiyimiz Türkiyə artıq bizim iki vətənimizdən birinə çevrilib.

Yenidən qayıdaq Pitsundaya. Bizim yaşadığımız "Pitsunda" yaradıcılıq evi doqquzmərtəbəli binadan ibarət idi. Dənizlə arası 100 metr ancaq olardı. Qaldığımız otağın artırması isə düz dənizə baxırdı. Hər gün balkonda oturub, usanmadan Qara dənizin ənginliklərini seyr edirdim. Gözüm yol çəkir, xəyal məni uzaqlara aparırdı...

"Pitsunda" kinematoqrafiya xadimlərinin və jurnalistlərin yaradıcılıq evi olduğu üçün orada tanınmış aktyorlar, rejissorlar, jurnalistlər dincəlirdilər. Biz bu pansionatda görkəmli rus aktyoru Nikolay Kryuçkov, o vaxtlar SSRİ-nin Baş katibi olan Leonid Brejnevin şəxsi tərcüməçisi, Sovetlər ölkəsinin hər yerində sevilən, müxtəlif təbəqəni təmsil edən pərəstişkarların böyük rəğbətini və məhəbbətini qazanmış məşhur aktyor, şair, müğənni Vladimir Vısotski, həmçinin onun həyat yoldaşı, tanınmış fransız aktrisası Marina Vladi və onun övladları, eləcə də digər sayılıb-seçilən insanlarla bərabər istirahət edirdik. Onlarla bir binada yaşayır, bir yeməkxanada nahar edir, çimərlikdə olur, pansionatın kino - teatrında kinoya baxır, bilyard, şahmat, domino, dama oynayırdıq. Bu insanların hamısı sadə və təvazökar idi.

Yaxşı yadımdadır, bir gün kino və konsert salonunda Marina Vladinin baş rola çəkildiyi "Cadugər" ("Koldunya") filmi göstərilirdi. Onu qeyd edim ki, bu kinofilm ilk dəfə 1965-ci ildə Beynəlxalq Moskva festivalında nümayiş etdirilmişdi. "Pitsunda"da istirahətdə olanlar filmi seyr etməyə gəlmişdilər. M. Vladi özü də salonda, tamaşaçıların arasında idi. Bizim qarşımızda əyləşmişdi. Hamımız hədsiz maraqla "Cadugər"ə baxırdıq. Filmin sonunda ekran əsərinin baş qəhrəmanı, yəni Marina Vladi cadugər hesab edildiyi üçün cahil insanlar tərəfindən daş-qalaq edilərək qətlə yetirilir.

Film bitir, işıqlar yanır. Hamının nəzərləri baş rolun ifaçısına zillənir. O, isə bir xeyli başını kresloya söykəmiş halda qalır. Tamaşaçılar onu alqışlayır. Nəhayət, M .Vladi özünü ələ alır və başını qaldırır. Onun yanaqlarında yaş damlaları görünür. O, göz yaşları içində gülümsəyir, dönə-dönə baş əyərək, tamaşaçılara öz təşəkkürünü bildirir. Hamı gözəl oyununa, qeyri-adi ifasına görə onu təbrik edir.

Tanınmış aktrisa Marina Vladi olduqca yaraşıqlı, səmimi, mehriban və sadə bir xanım idi. O, əslən rus idi. Vaxtilə valideynləri Fransaya mühacirət etmişdilər. Bildiyimə görə M. Vladinin birinci həyat yoldaşı görkəmli fransız aktyoru Robert Osseyn (əslən Azərbaycandan olan Rüstəm Hüseynzadə) olub.

Vladimir Vısotski səhv etmirəmsə, Marina Vladinin üçüncü, ya dördüncü əri idi. Amma hiss olunurdu ki, bir - birilərini hədsiz dərəcədə sevirlər.

Bu yaxınlarda M. Vladinin "Vladimir, ili prervannıy palyot" (" Vladimir, yaxud yarımçıq qalmış uçuş") adlı xatirələrini oxudum. Kitabda onların tanışlığından, V. Vısotskinin vəfatına qədər olan birgə həyatlarından, məhəbbətlərindən, sevgilərindən, Fransaya, İtaliyaya, ABŞ - ya və digər ölkələrə xarici səfərlərindən, məşhur adamlarla görüşlərindən, Moskvadakı həyatlarından söhbət açılır.

Xatirələrdən məlum olur ki, Vladimir Vısotski ilə Marina Vladinin tanışlığı 1967-ci ildə Moskvada olub. Onlar həmin ildə keçirilən Moskva Beynəlxalq Kinofestivalında görüşüblər. Uzun illər M. Vladi ilə tanış olmaq arzusuyla yaşayan V. Vısotskinin istəyi nəhayət ki, gerçəkləşib. Sonra isə onların böyük məhəbbət macərası başlayıb və bu xoşbəxt günləri düz 13 il davam edib. Kitabda bu iki sənətkarın birgə keçirdikləri o unudulmaz günlərdən, V. Vısotskinin həyatı və mənəvi çətinliklərindən, SSRİ rəhbərliyinin, həmçinin valideynlərinin laqeyd münasibətlərindən, eləcə də ona olan xalq məhəbbətindən bəhs edilir. Bu şirinli - acılı həyat isə 1980-ci ilin isti iyul ayında V. Vısotskinin vəfatı ilə sona çatır. Kitab qəlbin istəyi, daxili tələbatla yazıldığı üçün çox maraqla oxunur.

Bir-birini dərin məhəbbətlə sevən Vladimir Vısotski və Marina Vladi sanki qoşa qanada bənzəyirdilər. "Pitsunda"da da onlar səhərdən axşamacan bərabər gəzir, dincəlir, elə hey söhbətləşirdilər.

Qoşa qanad dedim, yadıma bir əhvalat düşdü. Bir gün pansionatın çimərliyində yenə də onlar bərabər idilər. Bizim arxa tərəfimizdə, narın qumun üstündə dincəlirdilər. Birdən arxaya çevriləndə heyrət məni bürüdü. Vısotski qartala bənzəyirdi. O, qollarını elə gözəl, elastik tərzdə tərpədirdi ki, elə bil quş olub uçacaqdı. Vısotskinin qeyri-adi hərəkətlərindən biri də ovcu üstündə dayanaraq timsah obrazı yaratması idi. Bunu elə ustalıqla edirdi ki, hamı valeh olurdu.

V. Vısotskinin boyu çox da uca deyildi. V. Vladinin yazdığına görə 170 sm idi. Amma məharətli idmançı olduğu hamıya bəlliydi. Çox çevik və cəld hərəkətləri vardı. Hər gün dəniz kənarındakı idman meydançasında xeyli məşq edirdi.

Hər axşam pansionatın sakinləri gəzintiyə çıxır, bir-birləri ilə görüşür, hal-əhval tuturdular. V. Vısotski və M. Vladi ilə söhbətlərimizin birində öyrəndilər ki, biz Azərbaycandan, Bakıdan gəlmişik. Doğma yurdumuz haqqında suallar verdilər. Biz də Azərbaycanımızı, Bakını onlara o ki var təriflədik. Azərbaycan türklərinin qonaqpərvərliyindən, paytaxtımızın gözəlliyindən, Xəzərin ecazkarlığından onlara söz açdıq. Və bir də onlara Azərbaycanda çox sevildiklərini söylədik. Bundan olduqca məmnun qaldılar.

Bizim Azərbaycan və Bakı haqqında söylədiklərimiz onları o qədər valeh etmişdi ki, Bakıya gəlmək, Xəzər dənizi sahillərində dincəlmək arzusunda olduqlarını bəyan etdilər. Biz də öz növbəmizdə məmnuniyyətlə, onları Azərbaycana, Bakıya dəvət etdik.

Marina Vladinin 1989-cu ildə Moskvada "Proqres" nəşriyyatında çap edilmiş "Vladimir, ili prervannıy palyot" kitabında onların 1977-ci ildə Bakıda olduqları, Xəzərin sahillində bir neçə həftə dincəldikləri barədə oxuyanda çox sevindim.

"Pitsunda" dakı istirahətimizdən, tanınmış aktyor, müğənni, şair Vladimir Vısotski və Fransanın məşhur aktrysası Marina Vladi ilə görüşümüzdən, birgə istirahətimizdən illər ötür. Lakin o günlər unudulmayıb, yaddaşıma əbədi həkk olunub.

DİGƏR XƏBƏRLƏR

Top