"Azərbaycan Almaniyaya nar, Pakistana mebel, Qətərə ət satacaq"

"Böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub". "Yeniavaz.com" saytina Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə bildirilib.

Qeyd olunub ki, mühüm vəzifələrdən biri də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir: "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanıb, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və poletilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənın ixracına dair ilkin razılaşmalar əldə edilib, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 km qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib. İndiyədək təşkil edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunub.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunub. Bundan əlavə, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilib.

Sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir.

İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac ediblər. 2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2%-i üzüm şərabları və digər spirtli içkilər, 14,6%-i konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir".

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və "Duty Free" mağazalarında "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir: "Bu çərçivədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanıb. Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı "Duty Free" mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır. SOCAR-ın xarici ölkələrdəki yanacaq doldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi məqsədilə "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi ilə bağlı işlər görülür. "Made in Azerbaijan" brendinin AZAL şirkəti vasitəsi ilə təşviq edilməsi ilə bağlı işlər davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top