İstirahətə getməmək insanların psixologiyasına necə təsir edir? - Psixoloq rəyləri

Məzuniyyətə çıxmaq, xüsusən, yay aylarında istirahətə getmək hər kəsin arzusudur. Bu istəyini müəyyən səbəblərdən reallaşdıra bilməyənlər də var, reallaşdıra bilənlər də. Bəs istirahət etməmək, məzuniyyətə çıxmamaq insanların psixologiyasına necə təsir edir? Məlumat üçün onu da əlavə edək ki, könüllü olaraq məzuniyyətə çıxmaqdan imtina edənlər də az deyil...

Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı "Yeniavaz.com" saytına bunları dedi: "İstirahət etməmək zaman keçdikcə öz təsirini, fəsadlarını göstərə bilər. Hətta müxtəlif dinlərdə də həftənin müəyyən günü işləməmək tövsiyə olunur. Bir çox xalqlar buna riayət edirlər. Sadəcə, biz indi daha dinamik həyat yaşayırıq, daha qaçaraq həyat yaşayırıq, fərqli insanlar var, fərqli insan psixologiyası var... "İşkolik" deyilən insanlar var, yəni daimi çalışanlar. Onlar üçün həyat yalnız işləməkdən ibarətdir. Onlar işləmədikləri təqdirdə özlərini pis, faydasız, yararsız hiss edirlər. Bu tip insanlar üçün istirahət etmək müəyyən dərəcədə problemli bir işə çevrilir. Onlar ailə həyatında da problem yaşayırlar, çünki dincəlmirlər deyə ailələri də dincəlməyə xüsusi həvəs göstərmirlər. Bir sözlə, onların həyatı işdən ibarətdir. Bu insanların dincəlməsi bəlli bir zamanlarda olur. 1 gün, 2 gün, həftəsonu onlara bəs edir ki, bir gün evdə qalsınlar. Bu insanlar istirahət prosesini çox passiv keçirirlər. Onlara tövsiyə edərdim ki, bir müddət işdən uzaqlaşsınlar".

"Problemlərin ana səbəbi..."

Psixoloqun sözlərinə görə, zaman keçdikcə istirahət etməyən, davamlı işləyən bu insanların səhhətlərində, yaxud psixoloji durumlarında problem yaranır: "Onlarda "panik atak", təşviş, həyəcan pozuntusu, müxtəlif fobiyalar da yaranır. Qeyd etdiyimiz kimi, bu problemlərin də ana səbəbi ondan ibarətdir ki, orqanizm yorulur, dincəlmək istəyir, insanın beyni isə dincəlmək istəmir. Həmin insanlara tövsiyəmiz ondan ibarətdir ki, həyat tək işdən ibarət deyil. Yeni mühitə çıxsalar, yeni insanlar görəcəklər, onların həyat tərzini görəcəklər, dincəlmə üsulunu görəcəklər. Bu, onlara motivasiya verəcək. Onlar istirahətdən qayıtdıqda daha faydalı, daha enerjili çalışarlar. Monotonluqdan çıxan insan yenidən işə qayıdanda stimul, yeni fikirlər, ideyalar irəli sürür. Bunu nəzərə alsınlar".

"Vaxt olduqca özüm də gedirəm oralara"

Həmsöhbətimizin dediyinə görə, bu məsələdə maddiyyatı bəhanə gətirmək doğru deyil: " İstirahət nə deməkdir- rejimsiz gün keçirmək. Yəni neçədə istəsəm, duraram, neçədə istəsəm, yataram. Adam var istirahətə gedib, səhər saat 6-da oyanır. Halbuki demişdi ki, gedib yatacağam, gedir, lakin yata bilmir. Bu, insandan insana fərqlənir. Yaxşı olardı ki, insanlar istirahət vaxtı mobil telefondan bir az uzaq qalsınlar. Kiminlə istirahətə gediblərsə - doğmaları ilə, yaxınları ilə daha çox vaxt keçirsinlər. İstirahətin dadını çıxarsınlar. Özlərinə dəyər versinlər. İstirahət tamamilə maddiyyatla bağlı bir şey deyil. Bu gün Bakı şəhərində də gözəl yerlər çoxdur. Məsələn, şəhər daxilində Nəbatat bağı var, yaxud Mərdəkanda çox böyük, gözəl bir bağ var. Vaxt olduqca özüm də gedirəm oralara. Yaşıllıqdır, sakitlikdir, genişlikdir. İnsan orada dincələ bilir. Yetər ki, istək olsun. Əvvəlcə insanın beynində istirahət ruhu olmalıdır. Əgər bu yoxdursa, dünyanın ən gözəl istirahət mərkəzinə getsən belə, zöqv ala bilməyəcəksən".

"İrəlidə görəcəkləri işlərin sıxıntısını yaşayırlar"

Psixoloq Hüseyn Xəlilovun mövzu ilə bağlı fikirləri belə oldu: "Bir qrup insanlar istirahətə çıxmağı özlərinə vacib bilirlər. Çünki istirahət onların psixologiyasına, səhhətinə, dünyagörüşünə, rahatlığına müsbət təsir göstərir. İstirahət onların işlərini asan reallaşdırmalarına köməklik edir. İstirahətə çıxmağın avantajları təbii ki, çoxdur. İnsan istər-istəməz daha çox sosial fəaliyyətlərə qatılır, yeni mühitə düşür, yeni insanlarla tanış olur və bu adaptasiya prosesləri onlara psixoloji cəhətdən müsbət təsir göstərir. Yenidən işlərinə qayıtdıqda isə daha səmərəli, daha faydalı, daha məhsuldar olurlar. Amma istirahət etməyən, istirahəti özlərinə vacib bilməyən insanlar irəlidə görəcəkləri işlərin sıxıntısını yaşayırlar. Psixoloji gərginlik, ruhi gərginlik... İstirahət edənin ruhu rahatlanır, sakitləşir, çətin işləri daha asan görməyə köməklik göstərir. İstirahət etməyən insanlar həm psixoloji cəhətdən, həm fiziki cəhətdən yorulurlar. İl ərzində insan davamlı şəkildə işləyir, ailə qayğıları, özünün qayğıları və s. onları yorur. Bunun nəticəsində də problemlər meydana gəlir. Hesab edirəm ki, istirahətə çıxmayan insanlar əsəb oyanıqlığı yaşayırlar, hadisələrə aqressiv baxırlar. İstirahətə gedən insanlar isə, getdikləri yerdə rahatlıq tapırlar. İstirahət etməyənlərdə dominant mühit yaranır, əsəb, gərginlik və s. Ona görə də hər bir insanın istirahət etməsi vacibdir. İstirahət etməyəndə insanlar bir-birləri ilə dil tapa bilmirlər, işlərini rahat görə bilmirlər, əsəbi, aqressiv, hövsələsiz, səbirsiz ola bilirlər".

"İstirahətin məqsədi bəzi şeylərdən uzaq durmaqdır"

Pulsuzluğu əsas gətirib işdən ayrılmayanlara gəlincə, psixoloq: "Maddiyyatın istirahətdə rolu var, amma bir insanın məzuniyyətə çıxıb uzağa getməsi vacib deyil, insan özü üçün istirahət şəraiti qura bilər. Öz el-obasına, kəndinə getməklə də istirahət edə bilər. İstirahət o demək deyil ki, mən gedim Türkiyəyə, getdim Avropaya. İstirahətin məqsədi bəzi şeylərdən uzaq durmaqdır, davamlı etdiyin şeyləri 10-15 gün etmirsən, özünə vaxt ayırırsan, ailənlə bir yerdə ola bilirsən, harasa gedə bilirsən. Əsas olan həm də budur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top