Rusiyada 18 nəfəri öldürən erməni Ermənistanda vaxtından əvvəl azad olunacaq

Rusiyada yol-nəqliyyat hadisəsi zamanı 18 nəfərin ölümünə səbəb olmuş erməni Qraçya Arutyunyan səhhətindəki problemlərə görə Ermənistanda azadlığa buraxıla bilər. "Yeniavaz.com"un Ria Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Q. Arutyunyanın qayınatası Viktor Martirosyan deyib. Q. Arutyunyan Rusiyada 6 il 9 ay müddətinə azadlıqdan mərhum edilib. O, "Məhkumların təhvil verilməsi haqqında" Avropa konvensiyasının müəyyən etdiyi qaydalar əsasında cəzasının qalan hissəsini çəkmək üçün 2017-ci il iyulun 20-də Ermənistana ekstradisiya edilib. V. Martirosyan qeyd edib ki, hazırda Q. Arutyunyanın səhhətində ciddi problemlər müşahidə olunur. Onun yerləşdiyi "Nubareşen" cəzaçəkmə müəssisəsinin həkimləri bildiriblər ki, A. Arutyunyan əməliyyat olunmalıdır. İstisna edilmir ki, əməliyyat ay ərzində baş tutsun. O əlavə edib ki, Q. Arutyunyanın ürəyində, onurğa sütununda problemləri var, həmçinin onda bədxassəli şiş olması istisna edilmir. Vəkillər vurğulayıblar ki, müqəssir iki ay ərzində cəzanın qalan hissəsini çəkməkdən azad oluna bilər. V. Martirosyan deyib: "Hüquqşünaslar bildirirlər ki, müttəhim xəstə olduğuna və cinayətkar olmadığına görə, yəni bədbəxt hadisə nəticəsində günahkar sayıldığından, habelə cəzasının üçdə iki hissəsini çəkdiyinə görə onun vaxtından əvvəl azad olunması prosesinə başlanılmasına icazə verilib. Ermənistanda bu qanun dörd il həbsdə olmuş insanlara şamil edilir. Q. Arutyunyan isə dörd il iki ay həbsdədir. İndiki halda Ermənistan və Rusiyanın müvafiq qanunlarının tələblərini uyğunlaşdırmaq lazımdır".

Xatırladaq ki, 2013-cü ilin iyulunda Q. Arutyunyanın idarə etdiyi yük maşını sərnişin avtobusu ilə toqquşub, hadisə nəticəsində 18 nəfər həlak olub, 60-dan çox adam isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top