Azərbaycanda işsizlərin sayı azalacaq: yeri iş yerləri

"Əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib". "Yeniavaz.com" saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə bildirilib.

Qeyd olunub ki, 2013-cü ildə fəaliyyətə başlamış və 760 nəfərdən çox işçinın çalışdığı "Azertexnolayn" zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunub.

"Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat"ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda 10-larla gəmi tikilərək istifadəyə verilib, 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" sualtı tikinti gəmisinin və 2 ədəd "Ro-pax" tipli gəmi bərənin inşası işləri davam etdirilir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidenti "Mingəçevir Tekstil" MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlanıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 mln. ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan "Diamed Co" zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin 1-ci yarısında istismara veriləcək. Ümumilikdə bu müəssisələrdə 350-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Bunlarla yanaşı, hazırda Türkiyənin, BƏƏ-nin, Yaponiyanın və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye Zonasının layihələndirmə işləri tamamlanmışdır və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq.

Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinın açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, "Azərxalça" ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezidentin tapşırığına uyğun olaraq, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edir.

Hazırda qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir.

Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib. Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə təqdim edilmiş sənədlərin 37%-i kənd təsərrüfatını, 63%-i isə sənaye sahələrini əhatə edir.

İnvestisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq", - deyə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top