Zəhranın xatirəsinə həsr edilən peşəkar boks yarışı FOTO

Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris İdman Mərkəzində ölkəmizin peşəkar boksçuları arasında 6 döyüş təşkil edilib. "Yeniavaz.com" xəbər verir ki, yarış Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf alaraq atəş açması nəticəsində həlak olmuş Fizuli rayon sakinləri, 1967-ci il təvəllüdülü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın xatirəsinə, Ağdamın ermənilər tərəfindən işğalının 24-cü ildönümünə həsr edilib. Yarışdan öncə "Kür" otelində keçirilən mətbuat konfransında yarışın təşkilatçısı, Almaniyada yaşayan həmyerlimiz, WBCA Boks Komitəsinin prezidenti Yaşar Niftəliyev, Almaniya Boks Federasiyasının vitse-prezidenti Artur Ellenzon, beynəlxalq kəmər uğrunda mübarizə aparacaq peşəkar bokusçular Farşid Rustami və Nikoloz Berkatsaşvili çıxış edib. Onlar bu yarışa ciddi hazırlaşdıqlarını bildiriblər.

Sonra Azərbaycanın şəhər və rayonlarından olan gənc və perspektivli 10 boksçu arasında 5 peşəkar döyüş keçirilib. Reytinq xarakterli bu yarışlarda Elvin Axundzadə rəqibi Ariz Abbasovu, Vüsal Əliyev rəqibi Yusif Habilovu, Emin Binyətəliyev rəqibi Əli Məmmədovu, İsmət Eynullayev rəqibi Arif Ovçuyevi, Rauf Ağayev rəqibi Elvin Qarayevi məğlub edərək qalib olub.

Sonra 12 raundluq döyüş-WBCA Təşkilatının Avropa üzrə kəməri və çempionu titiulu uğrunda Farşid Rustami və Nikoloz Berkatsaşvili arasında mübarizə başlayıb. Farşid Rustami ermənilər tərəfindən 2 yaşlı Zəhranın qətlə yetirilməsini dünya ictimaiyyətinə çatdırmaq üçün rinqə onun şəkilinin əks olunduğu xüsusi geyimdə çıxıb. Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Bu döyüş gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın 3 və 4-cü raundunda Azərbaycan boksçusu Farşid Rustami gürcü rəqibi Nikoloz Berkatsaşvilini ağır zərbə ilə 3 nəfə naqdaun vəziyyətinə salaraq çempion olub. WBCA Təşkilatının Avropa üzrə kəmərini belinə bağlayan Farşid Rustami tamaşaçılar qarşısında çıxış edərək bu döyüşü ermənilərin vəhşiliyi nəticəsində şəhid olan 2 yaşlı Zəhraya həsr etdiyini, onun qanının yerdə qalmayacağını, qisasının tezliklə alınacağını və bu qələbənin Qarabağda qeyd olunacağını bildirib.

London Olimpiya Oyunlarının güləş üzrə qızıl medalçısı Toğrul Əsgərov və peşəkar boks üzrə Avropa və dünya çempionu Fariz Məmmədov da rinqə çıxaraq Farşid Rustamini qələbə münasibətilə təbrik edib, ona gələcək döyüşlərdə uğurlar arzu ediblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top