"Yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam" - SOCAR rəsmisi

Müxtəlif şəxslərin işə düzəlmək adı ilə pullarının alınaraq aldadılmaları ilə bağlı xəbərləri tez-tez eşidirik. SOCAR-a işə düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların pullarını mənimsəyən dələduzlar da az deyil.

SOCAR-da maaş yüksək olduğundan dələduzlar buraya işə düzəlmək arzusunda olanlardan daha çox pul alır və onları aldadırlar. Belələri məhkəmənin hökmü ilə öz cəzalarını alsalar da, digərləri bundan yaxşı nəticə çıxarmırlar.

"Yeniavaz.com" xəbər verir ki, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xaliq Məmmədov mövzuya münasibət bildirib: "Bu mövzuda dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almayıblar. SOCAR-a işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf"...

"Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb, varını, yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... Bu mümkün deyil və necə ki, olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam. Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur... Əlbəttə, aidiyyəti üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar, amma zərərçəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz... Öz məqsədlərinə çatmaq üçün bu DƏLƏDUZLAR həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar... İnsanları aldatmaq üçün "filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm" deyirlər. Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsilə bir adamı işə düzəldə bilmisən? Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş",-deyə X. Məmmədov sosial şəbəkədəki səhifəsində bildirib.

DİGƏR XƏBƏRLƏR

Top