"Ramiz Rövşən qrammatikamızın leksikaya məğlubiyyətidir" - Arif Alim

Ədəbiyyatşünas alim Arif Alimin dahi Azərbaycan şairi, sözün həndəsəsi, həndəsənin sözü - Ramiz Rövşənə gecikmiş doğum günü təbriki...

Əslində Ramiz Rövşənin mənəvi 70 yaşı hardasa cismani 20 yaşları olanda "Bir yağışlı nəğmə" adlı ilk kitabını yazarkən artıq tamam olmuşdu və Ramiz Rövşən hardasa 50 ildir ki, 70 yaşının yükünü çəkir.

Gəzər küçələri, gəzər tinləri,

Səhərdən axşama təkdi bu adam.

Fil çəkə bilməzdi o çəkən yükü,

İlahi, gör nələr çəkdi bu adam...

misralarında da ömrünün eskizini cızmışdı Ramiz... və sairə... və ilaxirə. Və həmin misraların musi­qi­sində bir böyük həzinlik, mistika axırdı keçmişdən gələcəyə-inilti tonunda, pıçıltı janrında.

Mən bilmirəm, zamansızlıq və məkansızlıq tandemi müasir fizika elminin iradəsi altına ha­zır­da keçə bilibmi, yoxsa hələ də türkəçarə-elmi-etimoloji çalar kəsb edir (?!); ya yox; amma Ramiz müəllimin (“müəllim” sözünün müsbət anlamında! (معلم)) misraları hipotenuz effekti yaradır.

Sözün bütün mənəvi-tarixi-retrospektik ağırlığında XXI əsrin XVI əsr şairidir Ramiz Rövşən: Füzu­li­nin Aşıq Abbas Tufarqanlı poetikasında dirilişidir:

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox-

metamarfozasında, ya da:

Tanrıdan bəxt borc alsaydım,
Sənə də saxlayardım.
Ağlamağı bacarsaydım,
Sənə gün ağlayardım..

aforizmlə tapmacalaşmış lirik təfəkkürün epik poetikasında zühur edir onun Dədəqorqudlaşmış etnokultroloji söz mayası.

Akademik dilçilik mənasında qrammatikamızın leksikaya məğlubiyyətidir Ramiz Rövşən. Sözün əbədidir, Allah özünə uzun ömür versin Ramiz Rövşən. Və gəncliyini qocalığa dəyişənlər üçün "Gəmi" şeiri:


– Hara gedirsən, ay gəmi?
– Uzaqlara, uzaqlara.
– Məktub yazsam, verərsənmi
Balıqlara, balıqlara?
– Yosunları dərərsənmi,
Yosun köynək hörərsənmi
Uşaqlara, uşaqlara?..
– Hara gedirsən, ay gəmi?
– Yaxınlara, yaxınlara.
– Məktub yazsam, verərsənmi
Qohumlara, qohumlara?
– Yosunları dərərsənmi,
Yosun köynək hörərsənmi
Xanımlara, xanımlara?

enter.news

DİGƏR XƏBƏRLƏR

Top