"Ümidvaram ki, mərhələ adlayacağıq"

"Zirə" Avropa Liqasının 2-ci təsnifat mərhələsində bu gün səfərdə "Astra"nın qonağı olacaq.

Oyundan əvvəl keçirilən mətbuat konfransında Rumıniya klubunun başqa məşqçisi Eduard Yordanesku fikirlərini bölüşüb.

"Favorit olduğumuzu demək istərdim. Amma ehtiyatlı olmalıyıq. Biz yeni mövsümə başlayırıq. Komandanın bərpası, maliyyə məsələlərinin həlli prosesi ilə əlaqədar mənə daha çox vaxt lazımdır. Hər iki oyuna hazır olacağımıza söz verirəm. Amma istəyimiz baş tutmaya bilər. Hər halda oyuna köklənəcək, yaxşı oyun sərgiləməyə çalışacaq, bütün gücümüzü ortaya qoyacağıq ki, növbəti mərhələ şanslarımızı qoruyaq.

Onlar artıq ilk mərhələdə hər iki oyundan qalib ayrılıblar. Rəqibin balanslı oyun sərgiləyən keyfiyyətli futbolçuları var. Meydandakı çıxışları bizimki ilə müqayisədə daha aydındır. İlk mərhələdə iki qələbə qazanması "Zirə"yə yeni inam və həvəs gətirib. Bu səbəbdən, meydana əmin və optimist ruhda ayaq basacaqlar. Xüsusən hücum və əks-hücumlarda çox yaxşı təsir bağışlayan komanda ilə görüşdə sərt oyun gözləyirik. Ümidvaram ki, biz də yaxşı oyun sərgiləyərək, mərhələ adlayacağıq".

Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cavab görüşü iyulun 20-də Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq. goal.az

DİGƏR XƏBƏRLƏR

Top