Rumıniyanın eks Prezidenti Moldovada partiya sədri seçildi

Rumıniyanın keçmiş Prezidenti Trayan Besesku Moldovanın Milli Birlik Partiyasının fəxri sədri seçilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, partiya Moldovanın sabiq müdafiə naziri Anatoli Şalaru tərəfindən Rumıniya və Moldovanın birləşməsi məqsədi ilə təsis edilib. T. Beseskunun fəxri sədr seçilməsi barədə qərar partiyanın qurultayında qəbul edilib. T. Beseskunun başçılıq etdiyi Rumıniya parlamentinin 10 senator və deputatından ibarət nümayəndə heyəti qurultayın işinə qatılıb. A. Şalaru bildirib ki, təsis etdiyi partiya birlikçilərin (Moldovada Rumıniya ilə birləşməyin tərəfdarlarını belə adlandırırlar) bütün hərəkat və partiyalarını birləşdirəcək: “Biz, həmçinin Moldovanın NATO-ya üzv olmasının lehinəyik”. Onun sözlərinə görə, T. Beseskuya Moldova vətəndaşlığı qaytarılandan sonra o, partiyanın lideri olacaq.

Qeyd edək ki, T. Besesku Moldova Prezidenti İqor Dodonun fərmanı ilə ölkə vətəndaşlığından məhrum edilib. İ. Dodon qərarını onunla izah edib ki, T. Besesku Rumıniyaya ilhaq yolu ilə Moldova dövlətçiliyinin məhv edilməsini dəfələrlə dəstəkləyib: “Prezident vəzifəsində olarkən, Moldova dövlətçiliyini və Moldova xalqının mövcudluğunu tanımaqdan imtina edib”.

DİGƏR XƏBƏRLƏR

Top