"Rəssamlarımızın ordumuzun və torpaqlarımızın müdafiəçilərinə geniş yer ayırdıqlarını görə bilərik"

"Azərbaycanın sovetləşməsindən sonra ölkədə xüsusi rəssamlıq təhsili almış gənc yaradıcı qüvvələr vaxtaşırı öz şərəfli keçmişinə müraciət etməyə başladılar. Böyük Vətən müharibəsi illərində isə arxa cəbhədəki insanlarda düşmən üzərində qələbəyə inam yaratmaq məqsədilə rəssamların öz qəhrəmanlıq keçmişlərini bədiiləşdirmələri bunun əyani görüntüsüdür. S. Salamzadə, Ə. Kazımov, T.Tağıyev, S. Bəhlulzadə, M. Abdullayev, S. Şərifzadə, B. Mirzəzadə, K. Xanlarov, K .Kazımzadə və b. rəssamların rəngkarlıq, F. Əbdürrəhmanov və C. Qaryağdı kimi tişə ustalarının heykəltəraşlıq əsərlərində xalq qəhrəmanları Babək, Koroğlu, Cavanşir və başqalarının igidliklərini əks etdirən müxtəlif janrlı əsərlərə rast gəlmək mümkün idi. Həm Böyük Vətən müharibəsi illərində, həm də ondan sonrakı sovet dönəmində almanlarla döyüşdə qəhrəmanlıqları ilə böyük şöhrət qazanmış Həzi Aslanov, Mehdi Hüseynzadə, Məzahir Abbasov, Hüseynbala Əliyev, İsrafil Məmmədov və b. qəhrəmanların obrazları fırça və tişə ustalarımızın yaratdıqları neçə-neçə tablo və heykəlin başlıca məna-məzmun daşıyıcısına çevrildilər. Bu gün muzeyləri, paytaxtın və bölgələrin görməli yerlərini bəzəyən qəhrəman oğul-qızlarımızın obrazları hər birimiz tərəfindən qürur qaynağı kimi qəbul olunmaqdadır, desək, yanılmarıq". Bu sözlər Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevə məxsusdur. Onun sözlərinə görə, ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, həm də xalqımızın torpaqlarımızın bütövlüyünün bərpası uğrunda apardığı mübarizə ilə qoşalaşdı: "Xalqımızın işğalçılara qarşı mübarizənin önündə gedən onun gənc müdafiəçiləri Qarabağ cəbhəsində düşmənə qarşı nümayiş etdirdikləri qəhrəmanlıqlarla xalqının əzizinə, dilinin əzbərinə çevrildilər. Bakıda və bölgələrdə salınan Şəhidlər xiyabanının hər birimiz üçün müqəddəs ziyarətgaha çevrilməsinin kökündə heç şübhəsiz məzarlarda uyuyan oğul-qızlarımızın şirin canlarından keçmələrinin bilavasitə Vətən sevgisi ilə bağlı olması durur. Odur ki, müstəqillik illərində baş tutan müxtəlif miqyaslı sərgilərin ekspozisiyasında çoxlu sayda igid şəhidlərin qəhrəmanlıqlarını vəsf edən əsərlərə rast gəlmək mümkündür. Xanlar Əhmədov, Arif Qazıyev, Vaqif Ucatay, Əlisəfa Əsgərov, Zakir Əhmədov, Sahib Quliyev, Natiq Əliyev, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, Asif Azərelli, Nəcməddin Hüseynov, Nazim Məmmədov, Günay Mehdizadə, Nadir Bayrışov, Vüqar İmanquliyev və b. rəngkarlıq və heykəltəraşlıq əsərləri ilə belə sənət nümunələri ərsəyə gətiriblər.

Əlaqədar qurumlar da bir neçə dəfə xalqımızın uzaq-yaxın dövrlərdəki qəhrəmanlıqlarını vəsf edən əsərlərin yaradılması üçün müsabiqə elan etməklə, tariximizin bu sahəsinin yaddaqalan bədii salnaməsini yaratmağa nail olmuşlar. Respublikamızın əksər şəhər və kəndlərində, müəssisə və məktəblərdə şəhid abidələrinin mövcudluğu da xalqımızın Vətənin müdafiəçilərinin xatirəsinə dərin ehtiramının göstəricisidir. Azərbaycan təsviri və tətbiqi sənətinin çoxəsrlik tarixinə nəzər salsaq, bütün zamanlarda burada ordumuzun və torpaqlarımızın qəhrəman müdafiəçilərinə geniş yer ayrıldığını görə bilərik".

DİGƏR XƏBƏRLƏR

Top