Jurnalistlərimiz hansı ixtisas üzrə təhsil alıblar SORĞU

Hər bir insanın yeniyetmə dövründə müxtəlif peşə istəkləri olur. Lakin çox vaxt bu istəklər gerçəkləşmir. Səbəb kimi ya valideyn bu istəklərə qarşı çıxır, ya da şəxs yaşa dolduqca bu istəkdən vaz keçir. Elə də olur şəxs təhsil aldığı peşə sahəsini buraxıb, sonradan başqa sahələrdə çalışır. Günümüzdə isə, kadrların böyük əksəriyyətinin təhsil aldığı peşə sahəsi üzrə çalışmamaları da məlum məsələdir. Elə bunu nəzərə alaraq bu dəfə sualımızı media işçilərinə ünvanladıq. Onlar hansı ixtisas üzrə təhsil alıblar? "Yeniavaz.com" cavabları təqdim edir:

Mahir Qabiloğlu - müəllim, mətbuatda publisist yazılar yazır: "Futbolçu olmaq istəmişəm. Sonralar isə aktyor. Teatrı sevirdim. Sonralar isə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. İxtisasım - Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimidir".

Rahil Sayadoğlu- ssenarist, televiziyada aparıcılıq edir: "Mən özümü jurnalist hesab etmirəm. Mənə jurnalist demək ayıbdır. Çünki jurnalistika sahəsində təhsilim yoxdur. Mən TV işçisiyəm. İxtisasım "ssenari yaradıcılığı"dır, başqa sözlə desək, yazıçılıq. Bu ixtisasın da TV-dəki adı təxminən redaktorluqdur. Mən də redaktor kimi fəaliyyətə başlamışam. Uşaqlıqdan bu işi arzulamışam. Məktəb vaxtı müxtəlif həvəskar sorğular keçirirdim, bir hadisə olanda media işçilərinə xəbər verirdim ki, ictimailəşdirsinlər. Jurnalistika, media, TV, KİV - bütün bunlar mənə maraqlı idi. Arzu edirdim ki, mən də yaxamdan media vəsiqəsi asıb çəkilişə gedim, xəbər hazırlayım və s. Tələbəlik illərinin 3-cü kursunda (2008) arzuma çatdım, TV sahəsində işə düzəldim".

Cəlil Cavanşir - germanist, şair, jurnalist kimi fəaliyyət göstərir: "Uşaqlıqda ən böyük arzum hüquqşünas olmaq olub. Amma sonradan xarici dillərə, xüsusən Alman dilinə maraq göstərmişəm. İxtisasım germanistdir. Müəllim, tərcüməçi kimi fəaliyyət göstərmişəm. Jurnalistika isə məcburi fəaliyyət sahəm olub hər zaman".

Dilarə Zamanova - hüquqşünas, jurnalist kimi fəaliyyət göstərir: "Uşaq vaxtı bir neçə ixtisas istəmişdim. İlk istəyim arxeloq olmaq idi. Sonra anam arxeloqluğun necə çətin bir ixtisas olduğunu mənə izah etdikdən sonra ondan əl çəkdim. Daha sonra tarix fənnin çox sevdiyim üçün tarix müəllimi olmaq istədim. Ondan da yenə ailəmin etirazi nəticəsində əl çəkdim. Sonuna hüquqşunas olmaq istədim. Axırı onunla razılaşdılar. İxtisasca Beynəlxaql Hüquqi Əlaqələri bitirsəm də bir saat belə hüquq sahəsində çalışmamışam. Həyatın qəribə, amma gözəl, çox gözəl təsadüfləri nəticəsində də jurnalistikaya gəldim".

Günel Natiq - filoloq, Azərbaycan radisounda aparıcılıq edir: "Mən elə uşaqlıqdan jurnalist olmaq istəmişəm. Çünki atamda, anam da peşəkər jurnalist idilər və onlara baxıb jurnalist olmağı arzulayırdım. Maraqlıdır ki, ən sevimli müəllimim - rus dilini tədris edən qocaman İskəndər Abbasoviç elə bil ürəyimdən keçənləri duymuşdu, tez-tez mənə fəxrlə baxıb rus dilində "Bizim Günel jurnalist olacaq" deyirdi. Yaxşı oxuyanlara İskəndər müəllimin xüsusi hörməti var idi. Görünür sevimli tələbələri ilə onun arasında gözəgörünməz rabitə var idi. Məktəbi bitirəndən - 17 yaşından jurnalistikadayam. Demək ən böyük arzum yerinə yetib".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top