Qətər əlaqələrin bərpası üçün irəli sürülmüş 13 şərtə münasibət bildirdi

Qətər hakmiyyəti Doha ilə kəsdikləri əlaqələri bərpa etmək üçün ərəb dövlətlərinin irəli sürdüyü tələblərini qəbuledilməz və yerinə yetirilməsini mümkünsüz hesab edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Qətər hökuməti yanında Kommunikasiyalar departamentinin rəhbəri Seyf bin Əhməd əl-Tani deyib. Onun sözlərinə görə, tələblərin olduğu siyahı Qətərin əvvəlcədən söylədiyini təsdiq edir: “Qanunsuz təcridin terorrla mübarizə aparmaqla heç bir əlaqəsi yoxdur, bu, Qətərin suverenliyinin məhdudlaşdırılması və onun xarici siyasətinə təsir etmək cəhdidir”.

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələrini kəsmiş ərəb ölkələri münasibətlərin bərpa edilməsi üçün Dohaya 13 şərt qoyub. Onların sırasında İranla diplomatik əlaqələrin səviyyəsini aşağı salınması, “Al Jazeera” telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və ölkədəki türk hərbi bazasının ləğv edilməsi var. Bundan başqa Qətər tələbləri irəli sürən ölkələrə pul təzminatı ödəməlidir. Böhrandan çıxış üçün bütün şərtlər 10 gün ərzində yerinə yetirilməlidir. Terror təhdidinin azaldılması üzrə tədbirlər qismində Qətərə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir vətəndaşlarının təəbəliyə götürülməsinin dayandırılması, axtarılan bütün cinayətkarların təhvil verilməsi tapşırılır.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər. Seneqal, Niger və Çad Qətərdəki səfirliklərini geri çağırıb. Qabon isə ölkənin siyasətini pisləyib. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaltmaqla kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top