"Ermənistan AB ilə anlaşa bilməsə, Şimali Koreyanın yolunu tutmuş olacaq"

Ermənistan Avropa Birliyi (AB) ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində nəzərdə tutulan anlaşmanı imzalamasa, onda özünü dünyadan təcrid etmiş olacaq. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu birinci kanala açıqlamasında Sarukyan blokunun parlament fraksiyasının üzvü Ararat Zurabyan deyib: "Ermənistan AB ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində sazişi imzalaya da bilər, imzalamaya da. Bu cür insidentlər Ermənistanla bağlı baş verib. Amma əmin olmaq istəyirəm ki, Ermənistan bu sənədi imzalayacaq. Çünki bizim başqa yolumuz yoxdur".

Zurabyanın sözlərinə görə, əgər AB ilə nəzərdə tutulan sənəd imzalanmasa, onda Ermənistan dünyanın gələcəyi olmayan ölkələri sırasında yer almış olacaq: "Avrasiya Birliyi gələcəyi olmayan qurumdur. Bu qurum Ermənistana heç nə verə bilməyəcək. İndidən bu quruma üzv ölkələrin əksəriyyəti özlərinin maraqlarını önə çıxarıblar və tezliklə onda yeni dəyişikliklərin baş verməsi gözlənilir. Mən bunu Qazaxıstanın da simasında aydın görürəm. Oxşar dəyişikliklərin Ermənistanla da baş verəcəyini istisna etmirəm. Ona görə də belə hesab edirəm ki, Ermənistan AB ilə anlaşa bilməsə, onda o, Şimali Koreyanın yolunu tutmuş olacaq".

DİGƏR XƏBƏRLƏR

Top