Banklarda böhranın ikinci fazası başlaya bilər?

"Bu günlərdə Mərkəzi Bank uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12 fazidən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edib. Bu dəyişikliyin nominal xarakter daşıyacağı heç bir şübhə doğurmur. Çünki, indiyə qədərik fəaliyyətində hətta makro-maliyyə sabitliyi dövründə də Azərbaycanda faiz dəhlizinin parametrləri kreditlər üçün real faiz dərəcələrinin müəyyənləşdirilməsinə təsiri olmayıb". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki, son zamanlar manatın məzənnəsində nisbi sabitliyin müşahidə olunduğu, lakin onun dayanıqlı olmasını şərtləndirən tendensiyaların qərarlaşmadığı indiki durumda bu dəyişiklik əhəmiyyətli təsirlərə malik olmayacaq: "Yenə də manatla kredit faizləri yüksək olaraq qalacaq. Bu da həmçinin manatla depozitlərin də yüksək qalmasını şərtləndirəcək. Hazırda əksər banklarda manatla 1 illik depozitlərin orta faizi 15 faiz təşkil edir. Bu isə kredit qoyuluşları aşağı düşən və riskləri çoxalan bankların xərclərini artırır. Bu manatla olan əmanətlərin valyuta ilə olan əmanətlərə nisbətən payını artırsa da son nəticədə bankları pis maliyyə durumuna salacaq. Gəlin sadə bir misalla bu vəziyyəti təsvir edək. Tutaq ki, sizin 50 min dollarlıq valyuta ilə əmanəti illik 3 faizlə yerləşdirilib. Əgər həmin vəsaitin sahibi onu geri çəkib, manata dəyişib yenidən manat əmanəti kimi yerləşdirərsə, bu zaman yenidən qoyulan əmanətin məbləği 85 min manat və illik faiz dərəcəsi isə 15 faiz olacaq. Bu isə o deməkdir bank əmanətçiyə ayda 1062 manat 50 qəpik, ildə isə 12750 manat ödəməlidir. Bu məbləğ bankda çalışan 1 işçinin orta aylıq əmək haqqı səviyyəsində xərc deməkdir. Əgər bank əmanət kimi qəbul etdiyi vəsaiti səmərəli yerləşdirib, ondan ayda ən azı 20-25 faiz qazanc əldə etməzsə o halda bir müddətdən sonra banklar manatla yüksək faizlə qoyulan əmanatləri qaytarmaqda çətinliklərlə üzləşəcək və banklarda böhranın ikinci fazasının yaranmasına səbəb olacaq. Çünki, yığılmış vəsaitlərin yerləşdirilməsi isə yalnız bankın kredit siyasətindən deyil, manatın devalvasiyasından, həmçinin ölkədəki mövcud iqtisadi durumdan və sahibkarların vəziyyətindən də asılıdır. Odur ki, müvafiq qurumlar bu barədə düşünməli və bankların maliyyə mötəbərliyini pisləşdirən tendensiyaların qarşısını vaxtında almalıdırlar".

DİGƏR XƏBƏRLƏR

Top