Təhsil Nazirliyi ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusu alması barədə

Təhsil Nazirliyi tabeliyində olan ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı açıqlama verib. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək. Həmçinin şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir.

Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

DİGƏR XƏBƏRLƏR

Top