Ekspert: "SOCAR-la büdcə evcik-evcik oynayan uşaqlara bənzəyirlər"

"Büdcənin xərc hissəsini artırırlar və bu artımdan ən çox pay SOCAR alacaq - şirkətə 250 milyon manat dotasiya verəcəklər". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. İqtisadçı-ekspert qeyd edib ki, SOCAR-la büdcə evcik-evcik oynayan uşaqlara bənzəyirlər, əvvəl SOCAR büdcəyə vergi şəklində pul ödəyir, sonra şirkətə vəsait lazım olur - büdcədən pul alır: "Beləcə SOCAR büdcəni, büdcə də SOCAR-ı sevir. Dotasiyaya səbəb kimi rəsmən bunu qeyd ediblər, sitat: SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.
SOCAR-da olan bərbad idarəetməni bizə minnət kimi qeyd etməyin, güya, əhaliyə görə şirkətə subsidiya verdiyinizi söyləməyin: 1) Bp ildə 2-3 milyard m3 qazı sizə pulsuz verir, 2) SOCAR-da 1000 m3 qazın hasilat xərcləri 42 manat, daşınma və saxlanma ilə birlikdə 70 manatdan aşağıdır, 3) Qazın bir hissəsi havayı, qalanının mayası 70 manatdan aşağı, siz isə camaata 1000 m3-ni 100 manata, 1700 m3-lik limit dolandan sonra isə 200 manata, ortalama 135-140 manata satırsınız, necə oldu ki, bunun adına "subsidiya" qoyub, SOCAR-a əlavə 250 milyon manat ayırırsınız?!
Olmadı da, heç olmasa öz yarıtmaz işinizi bizimlə ört-basdır etməyin, adamı yandıran odur ki, qış-yay əhaliyə heç düz-əməlli qaz da vermirlər".

DİGƏR XƏBƏRLƏR

Top