Məktəblilər arasında I robot olimpiadasının qalibləri mükafatlandırılıb

Məktəblilər arasında keçirilən I robot olimpiadasının qalibləri mükafatlandırılıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında robotexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdır. Onun sözlərinə görə, olimpiadanın keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır: “Olimpiada 3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunub. Olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərini təmsil edən 18 komanda (100-ə yaxın şagird) 45 layihə ilə çıxış edib. “Ümumiyyətlə, Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində istedadlı şagirdlərin aşkar edilməsi istiqamətində müvafiq işlər görülür. Son illər ölkədə şagirdlərin fizika, riyaziyyat, informatika, texnologiya fənləri üzrə əldə etdikləri biliklərin artıq tətbiqi nəticəsini görürük. Növbəti illər ərzində əsas prioritet bu kimi olimpiadalarının əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq səviyyəyə çıxarılmasıdır”. Tədbirin sonunda olimpiadada qalib gələn şagirdlərə medal, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.Apa

DİGƏR XƏBƏRLƏR

Top