Zemfira Səfərovanın 80 illiyi qeyd edilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında görkəmli sənətşünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimin bənzərsiz yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Z. Səfərovanın yaradıcılığına xas olan cəhətdir. Yubilyar əlli ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir. O, 250-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. İ. Həbibbəyli həmçinin qeyd edib ki, Z.Səfərovanın elmi yaradıcılığının mühüm hissəsi ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr edilib. "Zemfira Səfərova elmi-təşkilati fəaliyyətlə yanaşı, ictimai işlərdə də yaxından iştirak edib", - deyən akademik İ.Həbibbəyli bildirib ki, üzeyirşünas alim 50 ildən çoxdur ki, elmi-təşkilati fəaliyyətini Azərbaycanın mötəbər elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, 2000-ci ildən ittifaqın Musiqişünaslıq və tənqid bölməsinin rəhbəri, Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının sədridir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Z. Səfərovanın klassik Azərbaycan musiqisini Şərq musiqi kontekstində tədqiq etməsini yüksək qiymətləndirib. Qeyd edib ki, həyatı boyu yaradıcılıq axtarışında olan üzeyirşünas alim ömrünün 80-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bildirib ki, Z.Səfərovanın qədim və orta əsr Azərbaycan musiqisinə əsaslanan tədqiqatları musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Sonda çıxış edən Z.Səfərova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top