Elektron ticarət nədir və bu ticarətlə kimlər məşğul ola bilər?

Hazırda dünyanın inkişaf etmiş ölkələrində ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni elektron (onlayn) üsulla həyata keçirilir. Dünyanın ən böyük elektron ticarət bazarına sahib olan ABŞ-da bu göstərici 75%, Avropa ölkələrində isə 60%-ə bərabərdir. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, ABŞ və Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə elektron ticarət dövriyyəsi ümumi ticarət əməliyyatlarının cəmi 0,051%-nə bərabərdir. Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu məlumatda göstərilir ki, bu ilin ilk 5 ayı ərzində elektron ticarət dövriyyəsinin həcmi 5,6 milyon manat olub. Halbuki həmin dövrdə pərakəndə ticarət şəbəkəsində 11 milyard manat məbləğində istehlak malları satılıb. Onu da bildirək ki, elektron ticarət dövriyyəsinin 96,4%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib. Sadaladığımız rəqəmlərə nəzər saldıqda məlum olur ki, ölkəmizdə elektron ticarətin həcmi inkişaf etmiş ölkələrlə müqayisə olduqca aşağı səviyyədədir. Bu sahənin mütəxəssisləri hesab edirlər ki, elektron ticarətin aşağı səviyyədə olmasının əsas səbəbi əhalinin bu barədə kifayət qədər məlumat almamasıdır...

Azərbaycanda onlayn ödəniş sistemi ilk dəfə 2008-ci ildə qurulub

Elektron ticarət sisteminin ilkin forması 1960-cı ildə ABŞ-da ortaya çıxıb. Həmin tarixdə "American Airlines" və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriblər. Bu elektron ticarət sistemi ilə bağlı ilk təcrübə hesab edilir. Ancaq, müasir elektron ticarət sistemi internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən başlayaraq sürətlə inkişaf etməyə başladı. "Elektron ticarət haqqında" qanun ölkəmizdə 2005-ci ildə qəbul olunub. Lakin, 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi, yəni onlayn ödəniş mümkün olmadığı üçün elektron ticarət tətbiq edilməyib. İlk dəfə 2008-ci ilin dekabr ayının 2-də "SilverKey Azərbaycan" şirkəti "GoldenPay" adlı onlayn ödəmə sistemi qurub. Məhz bu tarixdən sonra ölkədə elektron ticarətin tətbiqinə başlanılıb. Hazırda ölkədə dövlət və özəl qurumlar tərəfindən istehsal olunan mal və xidmətləri elektron üsulla əldə etmək mümkündür. Məsələn, bu gün elektrik enerjisi, su, qaz kimi kommunal xidmətləri çox rahatlıqla elektron üsulla satın almaq olar.

Elektron ticarət nədir və bu ticarətlə kimlər məşğul ola bilər?

Elektron ticarət barədə məlumatsızlar üçün qeyd edək ki, "Elektron ticarət haqqında" qanunda qeyd olunur ki, bu ticarət - informasiya sistemlərindən istifadə edilməklə, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Yəni, hər hansı xidmət və ya məhsulun satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet vasitəsilə satın alınmasıdır. Bunun üçün müştəri satıcının veb-saytına daxil olaraq, almaq istədiyi məhsul və ya xidməti seçməlidir. Sonra müştəri ödəniş aparılacaq veb-sayta istiqamətləndirilir. Ödəniş edildikdən, yəni məhsul və ya xidmətin haqqı müştərinin kart hesabından satıcının bank hesabına köçürüldükdən sonra, satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır. Mövcud qanunvericilikdə tərəflərin - alıcı və satıcının hüquq və vəzifələri göstərilib. Qeyd edək ki, ölkəmizdə elektron ticarətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) tələb olunmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən vergi ödəyicisi elektron ticarətlə də məşğul ola bilər. Ənənəvi ticarətdə olduğu kimi, burada da müqavilə bağlamaq, qəbz almaq mümkündür.

"Elektron mağaza"lar kirayə haqqı ödəmirlər...

Elektron ticarət ənənəvi ticarətdən əlavə vəsaitə və vaxta qənaət edilməsi ilə fərqlənir. Məsələn, ənənəvi mağazalardan fərqli olaraq "elektron mağaza"lar (veb-saytlar) üçün kirayə haqqı ödənilmir. "Elektron mağaza"larda ənənəvi mağazalardakı qədər işçiyə ehtiyac olmur. Həmçinin "elektron mağaza"ların müştəriləri daha çox olur. Bu "mağaza"larada satılan məhsulları dünyanın hər yerdən satın almaq mümkündür. Evdən bayıra çıxmadan istənilən məhsulu və ya xidməti satın ala bilirsiniz. Elektron ticarət əməliyyatları qeydə alındığı üçün burada vergidən yayınma halları da olmur. Bu da "gizli" iqtisadiyyatın qarşısını alır.

Təhlükəsizlik necə təmin edilir?

Ölkəmizdə elektron ticarətin geniş yayılmamasının ən ciddi səbəblərindən biri də insanların bu sistemə inamsızlığı ilə bağlıdır. İnsanlar kart hesabları ilə bağlı məlumatları başqaları ilə paylaşmağa çəkinirlər. Lakin, bütün dünyada olduğu kimi ölkəmizdə də elektron ticarət sistemində təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görülür. Məsələn, Visa, Visa Electron, Master Card kimi plastik kartlar xüsusi təhlükəsizkil koduna sahibdirlər. Hətta kartınızın nömrəsi oğurlansa belə, bu kodu bilmədən heç kim sizin hesabınızdan pul çıxarda bilməz. Bundan başqa dünyada SSL (Təhlükəsiz Soketlər Protokolu) şifrələnməsindən istifadə edilir. Məlumatlar bir saytdan digərinə ötürülən zaman şifrələnir. Ölkəmizdə ödəniş sistemlərini təşkil edən şirkətlər də ("Azericard" və "GoldenPay") bu şifrələnmədən istifadə edirlər. Məlumat üçün qeyd edək ki, hazırda dünyada ən etibarlı şifrələnmə "VeriSign SSL" hesab edilir. Bütün bunlara baxmayaraq elektron ticarət sistemində iştirak edənlərdən diqqətli olmaları tələb olunur. Mütəxəssislər tanınmış və etibarlı veb-saytlar vasitəsilə alış-veriş etməyi məsləhət görür.

Aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

Əgər "onlayn mağaza"dan mal almaq istəyirsinizsə bəzi məqamlara diqqət etməniz lazımdır. Belə ki, daxil olduğunuz veb-saytda satıcının - "onlayn mağaza"nın sahibinın adı, ünvanı, əlaqə məlumatları (telefon, faks və elektron poçt ünvanları), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), malların, xidmətlərin qiyməti, çatdırılma haqqını kimin ödəyəcəyi barədə məlumat və elektron müqavilə bağlamaq üçün imkanlar və digər zəruri məlumatların olması vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top