Xarici sərmayənin 85 faizindən çoxu 8 ölkəyə məxsusdur

Cari ilin yanvar-may ayları ərzində bütün maliyyə mənbələrindən ölkənin sosial-iqtisadi inkişafı üçün 5,67 milyard manat vəsait yönəldilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin analoji dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsait 3,2% azalıb.

İstifadə olunan vəsaitin 4,7 milyard manatı və ya 82,9%-i məhsul istehsalı obyektlərinin, 677,1 milyon manatı (11,9%-i) xidmət sahələri üzrə obyektlərin, 294,3 milyon manatı (5,2 %-i) isə ümumi sahəsi 629,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 30,2%-i dövlət, 69,8%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitlərin 73,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 37,3%-ini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3 milyard 995 milyon manat, bank kreditləri 681,5 milyon manat, büdcə vəsaitləri 637,1 milyon manat, büdcədənkənar fondların vəsaitləri 79,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 252,7 milyon manat, sair vəsaitlər 25,5 milyon manat təşkil edib.

2017-ci ilin yanvar-may aylarında neft sektoruna 3 milyard 663,5 milyon manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilən 2 milyard 8,2 milyon manatlıq vəsaitin 333,8 milyon manatı (ümumi sərmayənin 5,9%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

2017-ci ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 556,7 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 3 milyard 28,2 milyon manatı (85,1%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

DİGƏR XƏBƏRLƏR

Top