Nazirlik: Şəhidlərimizin nəşi döyüş meydanından götürülüb

Afaq Bəşirqızı: "Evimdə 14 erməni gizlətmişdim"

UEFA "Dinamo" "Beşiktaş" klublarını cərimələyib

Bazar ertəsi, 27 fevral 2017

Menu

Bazar ertəsi, 27 fevral 2017

PƏNCƏRƏ

Ölümü bayram tək gözləyən aşiq... Bu gün ŞƏBİ-ƏRUSDUR

17.12.2016 13:29

Bəşər tarixində elə böyük zəkalar, parlaq şəxsiyyətlər var ki, yazdıqları, söylədikləri heç zaman köhnəlmir, dəyərini itirmir. Elə bil ki, ötüb keçən, keçdikcə də hər kəsi qocaldan zaman bu cür nadir insanlara toxunmur, onları gələcək nəsillərdən uzaqlaşdırmır, ayırmır.

Belə parlaq şəxsiyyətlərdən biri, heç şübhəsiz, şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumidir (1207-1273). Bu böyük fikir adamının əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur. 600 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın əsərləri tədris edilmişdir. "Məsnəvi", "Divani-kəbir" (böyük divan), "Yeddi məclis", "Məktubat" əsərləri dünya ədəbiyyətının inciləri sırasında yer almaqdadır. Bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində doğulan, amma həyatının ən parlaq dövrünü Anadoludakı Konya şəhərində yaşayan Mövlana əsərlərini o dövrün ənənələrinə uyğun olaraq fars dilində yazmışdır. Mövlana düşüncəsinin mərkəzində Allahın yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi var. İnsanlar onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri, xüsusilə də "Məsnəvi" çox ibrətli, insana gerçəyi anladan misallarla doludur.

Mövlana insanlara çox şey öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O, bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə üzvləri kədərlənib ağladığı halda Mövlana özü fərəhlə "Allaha qovuşuram, Rəsulullaha qovuşuram" şöyləmişdir. Ona görə də hər il Mövlananın ölüm günündə, yəni dekabrın 17-də dünyanın müxtəlif yerlərindən Konya şəhərinə toplaşan minlərlə insan bu böyük şəxsiyyətin anma mərasiminə, "Şəbi-Ərus", yəni vüsal gecəsi məslisinə qatılır.

Mövlana Cəlaləddin Ruminin əsərləri

Mövlana Cəlaləddin Ruminin şah əsəri "məsnəviye-şərif" adlanır. "Məsnəvi" ərəb sözüdür, lüğəvi mənası "cüt-cüt", "iki-iki" dir. Ədəbiyyatda isə hər beytdəki misraları öz arasında qafiyələnən iri həcmli şeir növüdür.

Mövlananın "Məsnəvi"si isə bu ədəbi janrda zirvə sayıldığı üçün "məsnəvi" deyəndə ilk ağla gələn də həmin əsər olur. 6 hissədən və 25618 beytdən ibarət olan bu əsər və onun müəllifi haqqında şərqin böyük söz ustalarından sayılan Əbdürrəhman Cami həzrətləri belə yazır: "Mövlana kimi böyük bir təfəkkür insanının sahib olduğu mənəvi yüksəkliyi isbat etmək üçün "Məsnəvi" kifayətdir. O böyük insanın vəsfi və üstünlüyü haqda daha nə söyləyə bilərəm ki? O, peyğəmbər deyil, ancaq kitabı var."

"Məsnəvi" haqqında bu cür təriflərin səslənməsi ola bilər ki, oxucuların təsəvvüründə bu kitabın Qurani-Kərimlə yanaşı qoyulması, yanaşı qoyulması, daha doğrusu, müqayisə olunması düşüncəsini doğursun və haqlı etirazlara səbəb olsun. Ancaq Mövlananın bu sözləri və "Məsnəvi"nin ruhu bu könül insanının nə qədər təvazökar, nə qədər fədakar, nə qədər Quran aşiqi, peyğəmbər vurğunu olduğunu göstərir: "Mən Quranın quluyam, köləsiyəm. Mən Həzrəti-Məhəmmədin (sallalahu aleyhi və səlləm) ayağını basdığı yerin torpağıyam."

Osmanlı sultanlarından Yavuz Sultan Səlim xanın şeyx-ül İslamlarından İbn- Kamal həzrətlərinin bu ifadələri "Məsnəvi"nin dəyərini göstərən başqa bir nümunədir: " Mən röyamda rəsuli- əkrəm Həzrəti-Məhəmmədi gördüm. Əlində "Məsnəvi"ni tutaraq belə buyururdu: " Mənəviyyat sahəsində bir çox kitablar yazıldı, təsnif olundu, amma onların içində "Məsnəvi" kimi heç bir kitab yazılmadı."

Məsnəviye-Şərifin ilk 18 beytini Mövlana özü qələmə almış, ardını isə tələbəsi Hüsaməddin Çələbi ustədının söhbətlərini yazı şəklinə salmışdır. Hər bölmə başa çatanda Hüsaməddin yazılanları ustadına oxuyur, o da düzəlişlər və əlavələr edər, tələbəsi də onları yerbəyer edərdi. Mövlana həzrətləri Məsnəviye-Şərifə "Saykal ul- Ərvah" (Ruhların cilası), "Hüsamnamə" (Hüsaməddin Çələbiyə mənsub kitab mənasında) adları da vermişdir.

Məsnəvi bəzi ədəbiyyatşünasların dediyi kimi, sadəcə didaktik əsər deyil, bu əsər tərbiyəvi xarakter daşımaqla yanaşı həm də duyğulu, coşqun şeirləri ilə insanı eşqə, şövqə gətirən misilsiz poetik nümunədir. Bu əsəri yazmağa başlayanda Mövlana nə kimdənsə təklif və ya tələb alıb, nə hansı insandansa təmənnası olub, nə də kitabxanalara qapılaraq digər əsərlərdən faydalanmaq yolunu tutub. Bu misilsiz, tayı-bərabəri olmayan əsər Cənabi-Allahın Mövlana həzrətlərinin könlünə, ruhuna ərmağan etdiyi ilahi bir hədiyyədir.

Mövlanadan seçmələr

Nə insanlar gördüm ki, əynində libası yox,

Nə libaslar gördüm ki, içində insanı yox.

Eşşəyə şəkər verməyin nə mənası var, eşşəyinki otdur.

Qarğa bağda qarıldayır deyə bülbül də öz nəğməsini kəsərmi heç?

Pislər öz pisliyindən qalmaz, sular isə onların pisliyini təmizləməkdən yorulmaz.

Dikandan gül bitirən qışı da bahara döndərə bilər.

Sərv ağacını bu təravətlə göylərə ucaldan kədəri də sevincə çevirə bilər.

Nə dəniz bir köpəyin ağzından murdarlanar,

Nə günəş üfürməklə sönər.

Gürzü özünə vur, təkəbbürünü, xudbinliyini əz, sındır.

Bu dünyaya dikilən gözlərin qulağa tıxanmış pambığa bənzər.

Oruc tutmaq çətindir, amma Allahın mərhəmətindən mərhum qalmaqdan,

bir dərdə mübtəla olmaqdan daha yaxşıdır.

Qabığı qırılan sədəf üçün üzülmə,

çünki onun içindən inci çıxacaq.

Elm sahilsiz bir dəniz, elm istəyən isə dənizlərə dalan dalğıcdır.

Buludlar ağlamasa, yaşıllıqlar necə gülər?

Bülbül gözəl ötdüyündən qəfəsə salınar,

Qarğanı, ya bayquşu kim qəfəsdə saxlar ki?

Olmayanda turş meyvə belə adama şirin gələr.

Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı,

bu dünyada nə su olardı, nə atəş.

İki barmağınla gözlərini qapa. Bir şey görə bilirsənmi?

Amma sən görə bilmirsən deyə bu dünya yox deyil ki.

Ey qardaşım, bu dünya iti bir qılınc kimi qarşındadır,

Tövbə və Allaha qulluq qalxanını əlindən yerə qoyma.

İstər qızıl olsun, istərsə də can, istər inci olsun, istərsə mərcan,

Nə dəyəri var bir sevgiyə xərclənmədisə, bir sevgi yolunda fəda edilmədisə.

Bu dünyada yüzlərlə axmaq ətək dolusu qızıl verib şeytandan dərd satın alır.

Əli Çərkəzoğlu

Yazını götürərkən sayta istinad mütləqdir. Yeniavaz.com

Oxundu: 82

© 2017 - NSPSOLUTIONS