"Gözə şübhəli dəyən bircə sözü belə buraxmır, güzəştə getmirdilər"

Bu gün ölkədə şair və yazarların sayı-hesabı yoxdur. Artıq dəb halını alan kitab təqdimatları da bunun əyani sübutdur. Korrektə və redaktə etmələrini xahiş etməsən, heç yazıda nə yazılıb ona da fikir verilməz. Həmçinin qəzet və jurnallarda, onlayn mediada da çap olunan ədəbi yazılara demək olar ki, məhdudiyyət qoyulmur. Hamıya məlumdur ki, sovet dövründə senzuradan keçməyən yazı çap olunmurdu. "Yeniavaz.com" ədəbiyyatçılardan sovet dövründə tətbiq edilən senzura ilə bağlı fikrlərini öyrənib.

Ədəbi tənqidçi Əsəd Cahangir dedi ki, Sovet senzurası bir neçə məsələ üzrə idi: "1. Dini inanc təbliğ oluna bilməzdi. Allaha dair şeir belə qadağan idi. Din və Allah anlayışları ancaq tənqidi planda qəbul olunurdu. 2. Kommunist ideologiysına şübhə yaradan heç nə yazılmamalı idi. Nə siyasi, nə iqtisadi, nə sosial, nə mənəvi-etik cəhətdən. 3. Şeir kitabları Leninə, partiyaya, oktyabra, heç olmasa Moskcaya dair şeirlə açılmalı idi, yoxsa dərci çox çətin olurdu. 3. "Xoşbəxt" sovet cəmiyyətini tənqid etmək olmazdı. Xırda-xuruş, aradan qaldırılması mümkün nöqsanlardan söz gedə bilərdi. Bu quruluşun yox, ayrı-ayrı şəxslərin günahı kimi qəbul olunurdu. 4. Xalqlar dostluğuna şübhə oyadan heç nə dərc olunmamalı idi. 5. Partiya və sovet orqanlarının işçilərinin tənqidi qadağan idi. 6. İntim, erotik səhnələrin təsviri qəti qadağan idi. 7. Vulqar sözlər, jarqon və arqolar arzuolunmaz idi".

Yazıçı Aslan Quliyev isə sualımıza belə münasibət bildirdi: "Sovet senzorları quş uçurtmurdular. Onlar söyüşlərdən çox, siyasi məsələlərdə daha çox həssaslıq göstəirdilər. Söyüşə-filana qəzet-jurnallardakı, nəşriyyatlardakı redaktorlar, kiçik senzorlar baxırdılar. Lakin çox halda bu kiçik senzorlar böyük senzorlardan daha qəddar və amansız olur, gözlərinə şübhəli dəyən bircə sözü belə buraxmır, zərrəcə güzəştə getmirdilər. Bir sətri iki-üç dəfə oxuyub sətraltı məna axtarırdılar. "Sərxoş" adlı hekayəm vardı, əsərin qəhrəmanı pilləkənləri enir, sonuncu pillədə oturub deyir: "Lənətə gələsən, belə həyat!" Kiçik senzoların gözləri kəlləsinə çıxırdı, sənin bu sərxoşun nə cürətlə işıqlı, firafan, fərəh və sevinc içində dalğalanan həyatımızı, sosializmin bizə hədiyyə elədiyi bu, ən gözəl dəyərimizi, nemətimizi lənətləyir? Beləcə hekayə keçmədi. 1986-cı ildə redaksiyalara təqdim elədiyim "Haray" povesti isə vur-tut azərbaycanlıların köçürülməsindən bəhs elədiyi üçün keçmədi. Halbuki həmən vaxtlar artıq Moskva qəzetləri, jurnalları bu haqda hər saylarında yazırdılar".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top