Tərlan Əbilov: "Saytlar sayına görə şadlıq saraylarını ötüb"

Bir çoxları qaynar ədəbi mühitin yalnız şəhərdə olduğunu düşünür. Zaman-zaman bölgələrdə mərkəzdən uzaqda yaşayan istedadlı şair və yazıçılar yetişib. Lənkəranda yaşayan, illərdir ədəbi mühitdə olan tanınmış şair Tərlan Əbilov "Yeniavaz.com" saytına müsahibə verib.

- Bölgələrdə qaynar ədəbi mühitdə olmaq çətin məsələdir. Çap olunma, ədəbi ortamın az olması və s. Yazıçı bu çətinlikdən necə qalıb çıxmalıdır?

- Mən elə düşünmürəm, 20 il əvvələ qayıda bilsəydik, bölgədə yazıb-yaratmağın çətin məsələ olması ilə razılaşardım. Artıq ölkənin heç bir yerində çap olunmaq problemi yoxdur, maşallah, saytların çoxluğu şadlıq saraylarının sayını ötüb. (Təbii ki, prestijini qoruyan saytlar da az deyil) Yəni rəsmi ədəbi orqanların qəzet və jurnallarında növbə sıxlığı olsa belə, ən azından saytlarda, sosial şəbəkələrdə hər bir qələm sahibinin öz yaradıcılığını paylaşmaq, bölüşmək imkanı vardır. Ortam məsələsinə gəlincə, Aqşinin bir müsahibəsində dediyi bu fikirlə tam razıyam: “Yaradıcı adam özü özünə mühit yaratmalıdır”... Çətinlikdən çıxmağın isə həmişə olduğu kimi bir yolu var, güclü yazmaq!

- Ədəbiyyata yeni qədəm qoyan o bölgənin gəncləri sizi axtarır tapır. Bunun sirri nədədir?

- Məncə, buna səbəb hamıyla səmimi ola bilməyim, yaşından asılı olmayaraq qarşımdakı insana özünü ifadə etmək üçün şərait yaratmağımdır. Axı yaradıcılıq özü də bir səmimiyyət məsələsidir. Təbii ki, bunun özəl sirri bir az da Respublikada şair kimi tanınmağımdır.

- İllərdir maddi-mənəvi çətinliklərə baxmayaraq, yazıb-yaradırsınız. Bu nəyə olan sevgidən irəli gəlir - yaşamaq ya, ilahi ədəbiyyat sevgisi?

- Çətinlik həmişə olub və həmişə olacaq. Bunu xüsusilə vurğulamağı bir az da hər kəsin öz dərdini başqasının dərdindən böyük bilməsi ilə əlaqələndirirəm. Mənə görə ədəbiyyat məhz çətinlikdə olan yaradıcı adamlar üçün kiçik bir nəfəslik rolu oynayır. Və əgər o hər dəfə səni boynundakı kəndirdən xilas edirsə, niyə də sevməyəsən onu? Niyə də sən onu xilas etməyə qalxmayasan? İlk özümə olan sevgimdəndir heç nəyə baxmadan yazmağım.

- Sizi neçənci ilin ədəbi nəslinə aid etmək olar?

- Ədəbiyyat bir beldir, bütün yaradıcı adamlar o beldən gələnlərdir. Ordan tez və ya gec gəlmək söhbəti kökündən yalnışdır. Yəni nəsil söhbəti həmişə kiçildir böyük meyarları. Gəlmisənsə, varsansa, bütün nəsillər səni özününkü hesab etməlidir.

- Yazdığınız şeirlərdən qazancınız olurmu?

- Əgər maddi qazancı nəzərdə tutursansa, hə, olub, indi də hərdən qonorar alıram rəsmi dairələrdə çap olunanda. Amma bildiyin kimi gördüyümüz işin mənəvi qazancı həmişə maddi qazancından çox olur.

- Axrıncı kitabınız “Sonuncu halqa” idi. Yeni kitab çap etdirmək düşünürsünüzmü?

- Bəli, planımda növbəti şeirlər kitabımı nəşr etdirmək var, özü də tam fərqli. Amma hərdən ümidsizliyə qapılıb özümə sual edirəm: buna dəyərmi? Cavab tapa bilmirəm. Axı, son vaxtlar Azərbaycan ədəbiyyatında ən çox sıxıntı məhz şeirdir. Və heç kim heç kimin kitabını oxumur. Ədəbiyyat hər zaman insanların xilas yerinə çevrilibdir...

- Son vaxtlar saytlarda, qəzetlərdə çap olunmursunuz. Bunun səbəbi qonararın olmamasıdır?

- Bilirsən, indi mənim qəzet və ya jurnallarda çap olunub sevinən vaxtım deyil. Bəzi qəzet redaktorları isə hələ də düşünürlər ki, şeirlərim onların rəhbər olduğu qəzetlərdə dərc olunsa, mən məşhur olacağam, qanorar yazmasalar da olar. Az-az çap olunmağımın əsas səbəbi daha çox prinsipiallığımdır. Yaradıcı adamların cibinə çəkinmədən girənlərlə bir ortamda olmaq əskiklikdir sanıram.

- Sizin yaşda olan hansı yazarları bəyənirsiniz?

- Azərbaycan ədəbi mühitində istedadlı adamlar çoxdur. Əgər konkret mən yaşda olan qələm sahiblərinin adını çəkməli olsam, bu sualına cavab verməkdə çətinlik çəkəcəyəm. Üç-dörd yaş o yana, üç-dörd yaş bu yana Qəşəm Nəcəfzadənin, Elxan Zalın, Murad Köhnəqalanın, Salam Sarvanın, Balayar Sadiqin, Səlim Babullaoğlunun yaradıcılığını yüksək dəyərləndirirəm.

- Bir ara roman da yazırdınız. İstərdik o roman haqda məlumat verəsiniz, çap etdirməyi düşünürsünüzmü?

- Hələ də yazıram, tükənmək bilmir. Romanın dili oxunaqlı olmalıdır Hər dəfə oxuyanda əlavələr tapılır. Təkcə hadisələrin məni qane etməsi azdır, həm də çox az. Bütün bunlarla belə qətiyyətlə deyə bilərəm ki, mənim yazdığım roman “xatirə dəftəri” yox, məzmun etibarı ilə dərin və çoxqatlı bir əsər olacaq. Xarakterlər öz rəngarəngliyi və həyata baxışlarıyla fərqlənirlər.Təbii ki, korrektəsi, redaktəsi bitdikdən sonra imkan düşən kimi çap da etdirəcəyəm. Allah fürsət versin.

- Azərbaycanda şeirə maraq çox zəifdir, nəsr poeziyanı üstələyir. Siz necə düşünürsünüz, şeir dövrü bitibmi?

- Məncə, əksinə. Diqqət etsək görərik ki, bu gün də nəsrlə müqayisədə nəzmə axın daha böyükdür. Və şeir daha çox imza yetişdirirsə demək ki, hələ dövrü bitməyib. Söz yox, şeirin cəmiyyətdə nəyisə dəyişəcəyinə artıq mən də bir o qədər inanmıram, amma bunu şeirin bitməsindən daha çox özümüzün şeirdə bitməsiylə əlaqələndirirəm...

Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Düşünürəm ki, Böyük Füzulinin “Söz” qəzəlindən sitat gətirdiyim bu beyt bütün dövrlər üçün aktualdır.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top