Minlərlə israilli Fələstinlə toqquşmaları dayandırmaq tələbilə nümayiş keçirib

Təl-Əvivdə minlərlə israilli Fələstin ilə toqquşmaları sona çatdırmaq tələbi ilə nümayiş keçirib. “Yeniavaz.com” DW-yə istinadən verdiyi məlumata görə, nümayişçilər “İki dövlət, bir ümid”, “Bəsdir! Dərhal sülh” ifadələrinin yer aldığı plakatlarla küçələrə çıxıblar. Aksiyada 15 min nəfərin iştirak etdiyi bildirilir. Nümayişi İordan çayının qərbində və Qüdsdə İsrailin 50 ildir davam edən işğalına etiraz edən “İndi sülh” hərəkatı təşkil edib. Hərəkatın lideri Avi Buskila bildirib ki, nümayiş işğal, zorakılıq və irqçiliyi dəstəkləyən hökumətin yaratdığı ümidsizliyə qarşı keçirilir: “İsrail xalqının önəmli bir hissəsinin İsrailin işğalına qarşı olduğunu və iki dövlətli həll yolunu dəstəklədiyini göstərməyin vaxtıdır”. Nümayişdə Fələstin lideri Mahmud Abbasın müraciəti də oxunub. M. Abbas müraciətində İsraili Fələstini dövlət kimi tanımağa və işğalı dayandırmağa çağırıb. Nümayişə qatılan müxalif İşçi Partiyasının lideri İsaq Hersoq da iki dövlətli həll yoluna dəstək verib.

Xatırladaq ki, İsrail 1967-ci ildə Altı gün müharibəsində İordan çayının qərbini və Şərqi Qüdsü ələ keçirmişdi. Müharibədən sonra Şərqi Qüdsü ilhaq etsə də bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top